- 13:04
İyulun 2-də Azərbaycan Polisi 107 illiyini qeyd edir. Bu müddət ərzində polisimiz həm şərəfli, həm də çətin sınaqlarla dolu bir yol keçib.
Daxili İşlər Nazirliyi (DİN) və ona bağlı polis strukturları 1918-1920-ci illər ərzində Azərbaycan dövlətinin qurulmasında və milli maraqların müdafiəsində əvəzsiz rol oynayıb, müstəqilliyin qorunmasında ön cəbhədə iştirak edib. 1920-ci il aprelin 27-də süqutundan sonra, Sovet İttifaqının tərkibində keçən 70 il boyunca daxili işlər orqanları davamlı şəkildə inkişaf edib, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təminatında zəngin təcrübə və yüksək ixtisas səviyyəsi qazanıb. Xüsusilə 1970-1980-ci illər, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında, ölkəmizin müxtəlif sahələrdə böyük irəliləyişlərə nail olduğu dövr kimi nazirliyin tarixində önəmli bir mərhələ kimi yadda qalıb. SSRİ dövründə Azərbaycanın Daxili İşlər Nazirliyi və əlaqəli strukturları yüksək peşəkarlıq səviyyəsi ilə seçilib.
Ulu Öndər Heydər Əliyev polis orqanlarının fəaliyyətinə hər zaman xüsusi önəm verib, onların inkişafı və müasirləşməsi istiqamətində mühüm islahatlara imza atıb. Azərbaycanın hüquq-mühafizə sisteminin formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndər polis orqanlarını dövlətin dayaqlarından biri hesab edib, onun gücləndirilməsini hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi qiymətləndiririb. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə daxili işlər orqanlarının maddi-texniki bazası gücləndirilib, kadr islahatları aparılıb və polis əməkdaşlarının sosial müdafiəsi ön planda tutulub. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si rəsmi olaraq Azərbaycan Polisi Günü kimi təsis edilib. Ulu Öndərin daxili işlər orqanlarına olan diqqət və qayğısı nəticəsində Azərbaycan polisi cəmiyyətin etimadını qazanan, sabitliyin və qanunçuluğun təminatçısı olan bir quruma çevrilib. Bu gün də onun qoyduğu ideoloji və peşəkar təməllər əsasında Azərbaycan polisi uğurla fəaliyyət göstərməkdədir.
Bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirib, polis əməkdaşlarının dövlətçiliyin möhkəmləndirilməsində, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynadığını dəfələrlə vurğulayıb. Cənab Prezidentin rəhbərliyi ilə daxili işlər orqanlarında genişmiqyaslı islahatlar həyata keçirilib, hüquq-mühafizə sisteminin müasirləşdirilməsi, şəffaflığın artırılması və peşəkarlığın yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Dövlət başçısının dəstəyi ilə bu gün daxili işlər orqanları həm texniki imkanlar, həm də insan resursları baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub.
Qanunun aliliyinin və vətəndaşların hüquqlarının qorunması ölkədə sabitliyin əsas sütunlarındandır və bu istiqamətdə polis əməkdaşlarının rolu əvəzolunmazdır. Azərbaycan polisinin Vətən qarşısındakı xidmətləri təkcə dinc dövrdə deyil, müharibə şəraitində də öz əksini tapıb. Həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində polis əməkdaşları böyük şücaət və qəhrəmanlıq nümunələri göstəriblər. Onlar yalnız asayişin qorunması ilə kifayətlənməyib, ön cəbhədə, hərbi əməliyyatlarda da fəal iştirak edərək əsl vətənpərvərlik nümunəsi olublar. Daxili işlər orqanlarının xüsusi təyinatlı qüvvələri düşmənə sarsıdıcı zərbələr endirib, ərazi bütövlüyümüzün bərpasında müstəsna rol oynayıb. Bu gün şəhid və qazilərimizin arasında çoxsaylı polis əməkdaşlarının olması onların bu müqəddəs amal uğrunda canlarını belə əsirgəmədiklərini göstərir. Azərbaycan polisi müharibə meydanında da şərəfli adını uca tutaraq xalqımızın yaddaşında igidlik rəmzi kimi qalıb. Birinci Qarabağ müharibəsi zamanı təxminən 1700 polis əməkdaşı və hərbi qulluqçu qəhrəmancasına şəhid olub, 1710 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onların göstərdikləri fədakarlıq və igidliklər nəticəsində 67 şəxs Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb, 1143 nəfər isə müxtəlif orden və medallarla təltif olunub. 44 günlük Vətən müharibəsində isə Daxili Qoşunların şəxsi heyətindən 66 qəhrəman şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mərdliklə vuruşan Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub, onların sırasında 4 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüılüb.
44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarda dövlətin suverenliyinin bərpası və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində ilk önəmli addımlardan biri məhz daxili işlər orqanlarının fəaliyyətinin təşkil olunması olub. Azərbaycan polisi bu bölgələrdə xidmət aparmaqla təkcə asayişi qorumaqla kifayətlənmir, eyni zamanda mina təhlükəsi olan ərazilərdə əhalinin təhlükəsiz hərəkətinin təmin edilməsində, strateji obyektlərin mühafizəsində, bərpa-quruculuq işlərinin sabit mühitdə aparılmasında mühüm rol oynayır. Daxili işlər orqanlarının əməkdaşları hazırda Laçın, Füzuli, Şuşa, Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcər və digər rayonlarda xidmət apararaq həm qanunçuluğun, həm də əmin-amanlığın təminatçıları kimi çıxış edirlər. Onların peşəkarlığı və fədakarlığı sayəsində bu ərazilərdə həyat tədricən normallaşır, vətəndaşlar öz dədə-baba torpaqlarına qaytarılır. Bu xidmət yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda dövlətin ərazi bütövlüyünün real təminatı və suverenliyinin yerində icrası baxımından da strateji əhəmiyyət daşıyır. Bu gün azad olunmuş torpaqlarda Azərbaycan polisi əsl dövlətçilik dayağı kimi fəaliyyət göstərir.
Son illər ərzində daxili işlər orqanlarının fəaliyyətində şəffaflığın, peşəkarlığın və intizamın daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu prosesin uğurla həyata keçirilməsində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rolu xüsusilə qeyd olunmalıdır. Onun rəhbərliyi ilə daxili işlər orqanlarında struktur islahatları aparılıb, şəxsi heyətin hazırlıq səviyyəsi yüksəldilib, vətəndaş məmnunluğunun artırılması əsas prioritetlərdən birinə çevrilib. Eyni zamanda, cəmiyyətin təhlükəsizliyinin təmin olunması, cinayətkarlıqla mübarizənin gücləndirilməsi və müasir texnologiyaların tətbiqi sahəsində ciddi irəliləyişlər əldə olunub. Vilayət Eyvazovun tələbkarlığı və prinsipiallığı nəticəsində bu gün Azərbaycan polisi daha çevik, vətənpərvər və qanunlara sadiq bir quruma çevrilib.
Qeyd etmək lazımdır ki, polis əməkdaşlarının çevik və peşəkar fəaliyyəti sayəsində cinayətkarlıqla mübarizədə və cinayətlərin açılmasında əhəmiyyətli müsbət irəliləyişlər əldə olunub. Təkcə ötən ilin statistikasına nəzər salsaq, görərik ki, 2024-cü ildə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90,3 faizinin açılması təmin edilib. Ağır və xüsusilə ağır cinayətlərin 87,3 faizi, şəxsiyyət əleyhinə qanun pozuntularının 98,9 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib. Polis qurumları müasir texnologiyalardan effektiv şəkildə istifadə edərək, cinayət hadisələrinin vaxtında aşkarlanması və araşdırılmasını sürətləndirirlər. Video müşahidə sistemləri, elektron məlumat bazaları və rəqəmsal analiz proqramları istintaq işlərinin keyfiyyətini yüksəldir və nəticədə cinayətlərin açılma faizi artır. Bu müsbət statistika ölkədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin güclənməsinin, həmçinin polis işçilərinin öz işlərinə məsuliyyətlə və fədakarlıqla yanaşmasının bariz nümunəsidir. Rəsmi statistika göstərir ki, ölkə üzrə qeydə alınan cinayətlərin sayı da əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb. Bu tendensiya bir tərəfdən polis əməkdaşlarının çevik fəaliyyəti və operativ araşdırmaları ilə, digər tərəfdən isə profilaktik tədbirlərin gücləndirilməsi və ictimaiyyətlə əməkdaşlığın artması ilə izah olunur. Eyni zamanda, cinayətlərin qarşısının alınmasında maarifləndirmə işləri və əhali arasında hüquqi biliklərin artırılması da önəmli rol oynayır. Polis orqanları cəmiyyətlə sıx əməkdaşlıq edərək, qanun pozuntularının qarşısını almaq və cinayətlərin baş vermə ehtimalını azaltmaq üçün profilaktik tədbirlər həyata keçirirlər. Beləliklə, cinayətkarlığın azaldılması və cinayətlərin açılmasında əldə olunan müsbət göstəricilər ölkəmizdə hüquq-mühafizə sisteminin inkişafını və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımların səmərəliliyini bir daha təsdiqləyir.
Bütün sadalananlar bir daha göstərir ki, polis əməkdaşlarının gündəlik fəaliyyəti cəmiyyətin sabitliyi və təhlükəsizliyinin qarantıdır. Onların qanun çərçivəsində vicdanla və məsuliyyətlə göstərdiyi xidmət vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Mən özüm polis ailəsində böyümüşəm və bu peşənin məsuliyyətini, fədakarlığını uşaqlıqdan görmüşəm. Atam Səyyad Mirzəyev Birinci Qarabağ müharibəsi zamanı Vətənə sədaqətlə xidmət edib, təhlükəli və mürəkkəb şəraitdə hüquq-mühafizə orqanlarının ön cəbhədəki fəaliyyətində fəal iştirak edib. Onun xüsusi xidmətlərindən biri də tanınmış jurnalist Salatın Əsgərovanın şəhid olduğu terror aktında iştirak edən erməni silahlılarının ifşa və zərərsizləşdirilməsi istiqamətində aparılan əməliyyatlarda iştirakı olub. Bu kimi hadisələr təkcə ailəmizin deyil, ümumilikdə xalqımızın yaddaşında iz qoyub. Atamın və onun timsalında minlərlə polis əməkdaşının göstərdiyi cəsarət bu peşənin necə şərəfli və eyni zamanda məsuliyyətli olduğunu mənə erkən yaşlardan öyrədib.
Mən bir vəkil kimi, hüquq mühafizə orqanları ilə əməkdaşlığın, qarşılıqlı anlaşmanın və qanunun aliliyinin qorunmasının nə qədər vacib olduğunu hər zaman təqdir etmişəm. Hesab edirəm ki, hüquq-mühafizə sisteminin effektiv fəaliyyəti təkcə polis orqanlarının işi ilə məhdudlaşmır. Bu sahədə vəkillərlə polislər arasında qarşılıqlı əməkdaşlıq hüququn aliliyinin təmin olunmasında mühüm rol oynayır. Məhz bu əməkdaşlıq nəticəsində cinayət işlərinin obyektiv və ədalətli şəkildə araşdırılması, vətəndaşların hüquqlarının qorunması və məhkəmə proseslərinin qanun çərçivəsində aparılması təmin olunur. Vəkillər və polis əməkdaşları arasında qarşılıqlı hörmət və peşəkarlıq əsasında qurulmuş münasibətlər hüquqi dövlət quruculuğunun vacib elementidir.
Başda cənab nazir Vilayət Eyvazov olmaqla, Azərbaycanın daxili sabitliyinin və ictimai asayişin keşiyində ayıq-sayıq dayanan bütün polis əməkdaşlarını peşə bayramları münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Gecə-gündüz demədən, xalqımızın təhlükəsizliyi naminə böyük fədakarlıq göstərən, qanunlara sədaqətlə xidmət edən hər bir polis əməkdaşının əməyi yüksək qiymətə layiqdir. Onların göstərdikləri cəsarət, məsuliyyət və peşəkarlıq ölkəmizdə sabitlik və əmin-amanlığın qorunmasında mühüm rol oynayır.
2 iyul – Azərbaycan Polisi Günü yalnız bir peşə bayramı deyil, həm də cəmiyyətin polis orqanlarına olan etimad və hörmətinin təcəssümüdür. Bu əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarına möhkəm can sağlığı, çətin və şərəfli xidmətlərində uğurlar, ailə səadəti və daim yüksək ictimai nüfuz arzulayıram!
Şaiq Mirzəyev
Vəkillər Kollegiyasının üzvü
hüquq elmləri üzrə fəlsəfə doktoru