Kamran Əliyev Türkiyədə bir sıra şəxslərlə görüşdü - FOTO


  • 22 İyul 17:38

Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün dəvəti ilə Ankara şəhərində səfərdədir.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda keçirilmiş görüşdə Muhsin Şentürk ölkələrimizin hüquq-mühafizə orqanları arasında mövcud yüksək səviyyəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüş zamanı hüquqi əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş prokurorları Şurası, Beynəlxalq Prokurorlar Assosiasiyası və digər çoxtərəfli platformalar çərçivəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb. Həmçinin hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi və yeni imkanların nəzərdən keçirilməsi müzakirə olunub.

Həmin gün nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz ilə də görüşüb. Görüşdə ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib. Tərəflər hakim və prokurorların ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini qeyd edərək gələcəkdə də bu istiqamətdə əlaqələrin inkişaf etdiriləcəyinə əminlik ifadə ediblər.

Nümayəndə heyəti Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ilə görüş keçirib. Görüşdə hüquqi yardım, ekstradisiya, təlim səfərləri və Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində əməkdaşlıq, eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər çərçivəsində, həmçinin, Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca ilə də görüş keçirilib. Görüş zamanı insan hüquq və azadlıqlarının təmin olunması, hüquqi maarifləndirmə sahəsində birgə təşəbbüslər və institusional əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, qurumlar arasında əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi və birgə layihələrin reallaşdırılması ilə bağlı razılıq ifadə ediblər.

Görüşlərdə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib.

Nümayəndə heyətinin səfəri davam edir.

Oxşar xəbərlər