- 3 Oktyabr 16:24
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ciddə şəhərində təşkil olunan beynəlxalq konfransda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanına işgüzar səfər edib.
“Qafqazinfo” xəbər verir ki, səfər Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Qurumunun (Nazaha) rəhbəri Mazin İbrahim Əl-Kahmusun dəvəti ilə baş tutub.
İşgüzar səfər zamanı baş prokuror Nazaha qurumunun rəhbəri Mazin İbrahim Əl-Kahmus ilə ikitərəfli görüş keçirib.
Görüşdə Mazin İbrahim Əl-Kahmus dövlətlərimiz arasında bütün sahələrdə daim inkişaf edən tərəfdaşlıq münasibətlərindən, eləcə də ölkələrimizin hüquq-mühafizə orqanları arasında yüksək əlaqələrin daha da inkişaf etməsindən məmnunluq ifadə edib.
Göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə baş prokuror minnətdarlığını bildirərək, Səudiyyə Ərəbistanı Krallığının aidiyyəti səlahiyyətli orqanları ilə və beynəlxalq təşkilatlar çərçivəsində cinayətkarlıqla mübarizə sahəsində, xüsusilə də Nazaha ilə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası sahəsində ikitərəfli əməkdaşlığın daha da artacağına əminliyini ifadə edib.
Səfər çərçivəsində Kamran Əliyev həmçinin Somali Ədliyyə və konstitusional işlər naziri Hasan Moallim Mahmud Şeyx Əli ilə ikitərəfli görüş keçirib. Görüş zamanı baş prokuror Somali prezidenti Hasan Şeyx Mahmudun bu il fevralın 12-si Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü və bu səfər çərçivəsində bağlanmış sazişləri vurğulayaraq dövlət başçıları arasında olan yüksək əlaqələrin qurumlararası əməkdaşlığın daha da inkişaf etməsinə təkan verdiyini bildirib.
Çıxış edən Hasan Moallim Mahmud Şeyx Əli Azərbaycan və Somali arasında artan ikitərəfli əməkdaşlığın cinayətkarlıqla mübarizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində birgə səylərə də töhfə verdiyini qeyd edib.
Bundan başqa, səfər çərçivəsində Kamran Əliyev Qətərin baş prokuroru İssa bin Səad əl-Cufali əl-Nuaimi ilə ikitərəfli görüş keçirib.
Görüşdə baş prokuror iki ölkə arasında dostluq əlaqələrinin inkişafından və qurumlararası əməkdaşlığın güclənməsindən məmnunluğunu ifadə edib. Qətərin baş prokuroru həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini qeyd edərək, iki dövlətin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.
Görüşlərdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev də iştirak edib.
Nümayəndə heyətinin səfəri davam edir.