Şanlı Zəfər tariximizdə Azərbaycan polisinin əvəzsiz rolu


  • 10:37

8 Noyabr – Zəfər Günü yalnız hərbi zəfərin yox, həm də Azərbaycan dövlətçiliyinin və milli birliyimizin təntənəsidir. Bu gün həm ordumuzun, həm də Vətənə sədaqət göstərmiş bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN) tarixi missiyasını xatırlamaq üçün xüsusi simvolik məna daşıyır. Qarabağ uğrunda mübarizədə ön cəbhədə döyüşən Azərbaycan Ordusu ilə yanaşı, polis əməkdaşları, daxili qoşunların hərbi qulluqçuları, xüsusi təyinatlı dəstələr, eləcə də ümumən DİN strukturları milli təhlükəsizliyin qorunmasında misilsiz xidmət göstərmişdir. 44 günlük Vətən müharibəsi sübut etdi ki, dövlətçilik yalnız ordunun gücü ilə deyil, vahid təhlükəsizlik sistemi ilə qorunur.

Daxili İşlər Nazirliyinin dövlətçilikdə rolu

DİN təkcə cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması funksiyasını daşımır, o, həm də dövlətin strateji təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsidir. Müharibə dövründə bu rol daha aydın göründü. Müharibə dövründə DİN şəhərlərdə, strateji obyektlərdə və azad edilmiş ərazilərdə təhlükəsizlik və ictimai asayişin qorunmasını təmin etmiş, təxribat, panika və diversiya kimi daxili təhlükələrin qarşısını almış, əhali arasında sabitlik və dövlətə etimadı möhkəmləndirmiş, həmçinin logistik dəstək və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamışdır. Çünki qələbə təkcə cəbhədə qazanılmadı, arxa cəbhədə sabitlik olmasaydı, ordunun qələbəsi bu qədər sürətli və qəti olmayacaqdı.

44 günlük Vətən müharibəsində polis və daxili qoşunların iştirakı

Azərbaycan polisi müharibə dövründə təkcə təhlükəsizliyin təminatçısı kimi fəaliyyət göstərmirdi, həm də ən gərgin döyüş məqamlarında ön cəbhədə əsl vətənpərvərlik nümunəsi göstərirdi. 44 günlük Vətən müharibəsi zamanı Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb, 346 hərbi qulluqçu isə yaralanıb. Torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşən Daxili Qoşunların 1690 əməkdaşı Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif edilib. Onların arasında 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Polislərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq bir daha sübut etdi ki, Azərbaycan polisi təkcə ictimai asayişin deyil, həm də dövlətin suverenliyinin keşiyində dayanır.

Şəhid polis əməkdaşlarının xatirəsi DİN-də daim uca tutulur və unudulmur. Hər il Nazirliyin rəsmi protokolu çərçivəsində şəhidlərə ehtiram əlaməti olaraq xüsusi tədbirlər təşkil olunur. Bu ənənə həm vətənpərvərliyin, həm də polis əməkdaşlarının fədakarlığının gələcək nəsillərə ötürülməsini təmin edir. Eyni zamanda şəhid polislərin ailələrinə də dövlət tərəfindən davamlı qayğı göstərilir. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov da daim şəhid polislərin ailələrini diqqətdə saxlayır.

Nazir Vilayət Eyvazovun rəhbərliyi: Sadiqlik, sistemlilik və dövlətçilik mövqeyi

Azərbaycan Respublikasının Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 44 günlük Vətən müharibəsi dövründə DİN sisteminin fəaliyyətini yüksək peşəkarlıqla və dəmir intizamla koordinasiya etmiş, şəxsi heyətin həm döyüş, həm psixoloji, həm də idarəetmə baxımından tam hazır olmasını təmin etmişdir. Məhz onun prinsipial rəhbərliyi, sarsılmaz iradəsi və dövlətə sədaqətli mövqeyi nəticəsində Azərbaycan polisi müharibə şəraitində üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. General-polkovnik Vilayət Eyvazovun strateji düşüncə tərzi, hadisələrə çevik və məsuliyyətli yanaşması DİN sistemində birliyin, intizamın və yüksək döyüş ruhunun qorunub saxlanmasına səbəb olmuşdur. O, öz fəaliyyəti ilə sübut etmişdir ki, müasir Azərbaycan polisinin peşəkarlığı, vətənpərvərliyi və fədakarlığı birbaşa rəhbərliyin müdrik idarəçiliyinin nəticəsidir.

Vilayət Eyvazov Prezident Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursun ardıcıl icraçısı kimi dövlətə və Ali Baş Komandana sarsılmaz sədaqəti ilə seçilir. Onun rəhbərliyi altında DİN-də şəffaf idarəetmə prinsipləri, vətəndaşla birbaşa ünsiyyət və etimada əsaslanan yeni xidmət modeli formalaşdırılmışdır. Vilayət Eyvazovun həyata keçirdiyi struktur islahatları nəticəsində DİN-in fəaliyyətində çeviklik, intizam və operativ qərarvermə mexanizmləri daha da təkmilləşdirilmişdir. O, müasir tələblərə cavab verən, Azərbaycanın daxili təhlükəsizliyinin və sabitliyinin təminatında mühüm rol oynayan güclü, peşəkar kadr korpusu formalaşdırmışdır.

Post-müharibə dövründə azad olunmuş ərazilərdə polis xidmətinin qurulması

Azərbaycan polisi və Daxili Qoşunlar azad edilmiş torpaqlarda xidmətlərini yüksək peşəkarlıqla davam etdirir və ölkəmizin təhlükəsizliyinin möhkəmlənməsində həlledici rol oynayırlar. Azərbaycan polisi bu bölgələrdə yalnız qanun pozuntularının qarşısını almaqla kifayətlənmir, eyni zamanda mina və digər təhlükəli zonalarda sakinlərin təhlükəsizliyini təmin edir, strateji obyektlərin qorunmasını həyata keçirir və bərpa-quruculuq işlərinin fasiləsiz aparılması üçün etibarlı şərait yaradır. Laçın, Füzuli, Şuşa, Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcər və digər azad edilmiş rayonlarda polis əməkdaşları hüququn aliliyini təmin etməklə yanaşı, sakinlərin əmin-amanlığını qorumaqda da əsas rol oynayırlar. Onların peşəkarlığı və fədakarlığı sayəsində bu torpaqlarda həyat tədricən bərpa olunur və vətəndaşlar öz doğma yerlərinə qayıda bilirlər. Bu fəaliyyət yalnız təhlükəsizliyin təminatı deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün qorunması və suverenliyin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan polisi azad edilmiş torpaqlarda dövlətin möhkəm dayağı kimi çıxış edir.

Bu gün biz yalnız ordumuzun igidliyini deyil, həm də polis və Daxili Qoşunların göstərdiyi qəhrəmanlığı xatırlayırıq. Çünki bu bu Zəfər həm də Azərbaycan polisinin əvəzsiz xidmətinin nəticəsidir. Azərbaycan polisi xalqımızın və dövlətimizin sarsılmaz dayağıdır!

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü

hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər