- 12:25
Prokurorluq orqanları hüquq mühafizə sisteminin ayrılmaz bir hissəsi olaraq dövlətin hüquqi fəaliyyətinin düzgün və ədalətli şəkildə həyata keçirilməsini təmin edir. Prokurorluğun əsas məqsədi hüquq pozuntularının qarşısını almaq, cinayətləri araşdırmaq, qanunları tətbiq etmək və ümumilikdə ictimai nizamı qorumaqdır. Ümummilli Lider Heydər Əliyev demişdir: "Respublika prokurorluğu və baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir". Bu fikir prokurorluğun dövlətin hüquqi və siyasi sabitliyinin qorunmasındakı əhəmiyyətini vurğulayır. Prokurorluq yalnız hüquq pozuntuları ilə mübarizə aparmaqla qalmır, həm də cəmiyyətin ümumi rifahını və dövlətin təhlükəsizliyini təmin etmək üçün mühüm addımlar atır. Onun fəaliyyətləri hüququn aliliyinin təmin edilməsində və ədalətin təmini istiqamətində mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən, prokurorluq orqanları müstəqil, obyektiv və ədalətli işləyərək dövlətin hüquqi əsaslarını möhkəmləndirir və Azərbaycan dövlətçiliyinin inkişafına öz töhfəsini verir.
Azərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun bir dövlət qurumu olaraq formalaşması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs və bu kursun layiqli varisi Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı islahatlar nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla reallaşdıran cənab Prezident İlham Əliyev hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, insan hüquqlarının qorunması və demokratik təsisatların inkişaf etdirilməsi yönündə mühüm addımlar atıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının kadr strukturu şəffaf və məqsədyönlü şəkildə yenilənmiş, bu da prokurorluğun fəaliyyətini daha da təkmilləşdirmişdir.

Son illərdə prokurorluq orqanlarında həyata keçirilən genişmiqyaslı islahatlar, bu sahənin müasir standartlara cavab verən bir quruma çevrilməsi prosesini sürətləndirmişdir. Kamran Əliyevin 2020-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsi ilə prokurorluqda yeni bir dövr başlamışdır. Onun təyinatı yalnız dövlətin hüquq mühafizə sisteminin gücləndirilməsi istiqamətində deyil, həm də Azərbaycan dövlətinin beynəlxalq aləmdə hüquqi sisteminin daha da möhkəmlənməsinə və ölkənin nüfuzunun artırılmasına yönəlmiş mühüm bir addım olmuşdur. Kamran Əliyev Baş prokuror təyin olunduqdan sonra ilk növbədə prokurorluq orqanlarının fəaliyyətindəki mövcud boşluqları aradan qaldırmaq və müasir idarəetmə strukturlarını qurmaq üçün bir sıra islahatlar həyata keçirmişdir. O, öz rəhbərliyi altında prokurorluğun strukturunu yenidən nəzərdən keçirmiş, hüquqi məsələlərə daha çevik yanaşma və müasir texnologiyaların tətbiqi sahələrində ciddi addımlar atmışdır.
Bu islahatların əsas məqsədi, hüquq mühafizə orqanlarının daha şəffaf, müstəqil və effektiv olmasını təmin etmək olmuşdur. Bu addımlar sayəsində prokurorluq orqanlarında daha çevik və şəffaf idarəetmə strukturları formalaşmış, vətəndaşlara xidmət daha keyfiyyətli və operativ bir şəkildə göstərilməyə başlanmışdır.

Kamran Əliyevin Baş prokuror olduğu dövrdə prokurorluq orqanları beynəlxalq əməkdaşlıq sahəsində də mühüm addımlar atmışdır. Azərbaycan beynəlxalq hüquq mühafizə təşkilatları ilə sıx əməkdaşlıq edərək, cinayətkarlığa qarşı mübarizədə öz mövqeyini gücləndirmişdir. Onun rəhbərliyi altında Azərbaycan prokurorluğu beynəlxalq əməkdaşlıq sahəsində yeni tərəfdaşlarla əlaqələr qurmuş və bu əlaqələrdən effektiv şəkildə istifadə etməyə başlamışdır. Beynəlxalq cinayətkarlığa qarşı mübarizədə, xüsusən korrupsiya, narkotik qaçaqmalçılığı və terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə Azərbaycanın rolu artmışdır. Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq ölkənin hüquq mühafizə orqanlarının beynəlxalq müstəvidə daha çox təcrübə mübadiləsi etməsi və əməkdaşlıq sahəsində daha çox təcrübə əldə etməsi üçün bir çox beynəlxalq tədbirlərdə aktiv iştirak etmişdir. Görülən işlər nəticəsində Azərbaycan hüquq mühafizə sahəsində nüfuzlu bir tərəfdaş olaraq tanınmışdır.

Kamran Əliyevin fəaliyyəti beynəlxalq aləmdə də yüksək qiymətləndirilmişdir. Cari ilin aprel ayında Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 59-cu iclasında yekdilliklə qəbul edilən qərara əsasən, o, yenidən BPA-nın vitse-prezidenti seçilib. Bu təyinat, onun peşəkar bacarıqlarının və beynəlxalq hüquq mühafizə sahəsindəki liderliyinin tanınmasının nəticəsidir. Kamran Əliyevin bu vəzifəyə seçilməsi Azərbaycan prokurorluğunun beynəlxalq arenada daha da möhkəmlənməsinə töhfə verir.
Kamran Əliyevin rəhbərliyi altında prokurorluq orqanlarında həyata keçirilən islahatlar yalnız struktur dəyişikliyinə və daxili idarəetmənin müasirləşməsinə yönəlməmişdir. Eyni zamanda, bu islahatlar ölkə daxilində hüquq mühafizə orqanlarına olan etibarı artırmış, vətəndaşların hüquq müdafiəsi ilə bağlı şikayətlərini ən yüksək səviyyədə nəzərə almışdır. Prokurorluq orqanları tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər və hüquqi maarifləndirmə işləri nəticəsində cəmiyyətin hüquqi mədəniyyəti və hüquq pozuntularına qarşı həssaslığı da artmışdır.
Təsadüfi deyil ki, Kamran Əliyevə növbəti dəfə etimad göstərilmişdir. 2025-ci ildə o, növbəti müddətə Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olundu. İkinci dəfə Baş prokuror təyin edilməsi onun Azərbaycanda hüquq mühafizə orqanlarının inkişafı və islahatların davamlılığını təmin etmək sahəsindəki rolunu bir daha təsdiqləmişdir.

1 may 2025-ci ildə yenidən bu vəzifəyə təyin olunan Kaman Əliyev Milli Məclisdə çıxışı zamanı demişdir: "Mənim bu mühüm vəzifəyə yenidən təyin olunmağıma dair ali qanunvericilik orqanına təqdimatla müraciət etdiyi üçün Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevə öz adımdan və prokurorluq orqanlarının kollektivi adından dərin təşəkkürümü bildirirəm. Bu yüksək kürsüdən müraciət edərək, Azərbaycan Respublikasının Prezidentini, birinci Vitse-Prezidentini, Sizləri və bütövlükdə Azərbaycan xalqını əmin etmək istərdim ki, bundan sonra da Azərbaycan Prokurorluğu öz fəaliyyətinin göstərilən ali etimada layiq səviyyədə qurulması üçün Konstitusiya və qanunlarda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək".
Bu çıxış onun Azərbaycan hüquq mühafizə sisteminin daha da təkmilləşdirilməsi üçün irəliləməyə davam edəcəyini, dövlətin hüquq sisteminə olan etimadını artıracağını göstərir.
Kamran Əliyev Azərbaycan dövlətinin mənafeyini hər zaman ön planda tutaraq, ədalət və qanunun aliliyini təmin etmək üçün yorulmadan çalışmışdır. Peşəkarlığı, prinsipiallığı və vətənə xidmətindəki fədakarlığı ona Azərbaycan cəmiyyətində yüksək hörmət qazandırmışdır.
Bu gün Kamran Əliyevin 60 illik yubileyidir. O, həyatını və fəaliyyətini Azərbaycan Respublikasının tərəqqisi və hüquqi dövlətin qurulmasına həsr etmiş, öz işini yüksək peşəkarlıqla yerinə yetirən, dövlətin və xalqın maraqlarını hər zaman ön planda tutan bir şəxsiyyətdir. Kamran Əliyevin şərəfli ömür yolu, fədakarlığı və prinsipiallığı hər zaman örnək olmuşdur.
E-huquq.az kollektivi yubiley günü ilə əlaqədar olaraq, Kamran müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və daha böyük nailiyyətlər diləyir. Əminik ki, onun vətənə xidmət yolundakı fəaliyyəti gələcək nəsillərə ilham qaynağı olacaqdır!