Baş Prokurorluq Gəncədə ətraf mühitin mühafizəsinə həsr olunan konfrans keçirib - FOTO


  • 16:29

Baş Prokurorluq "Konstitusiya və Suverenlik İli" çərçivəsində Gəncə şəhərində ətraf mühitin mühafizəsinə həsr olunan elmi-praktiki konfrans keçirib.

E-huquq.az xəbər verir ki, "Müasir ekoloji çağırışlar və ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin aktual problemləri" mövzusunda keçirilən tədbir ölkədə ekoloji təhlükəsizlik, təbii sərvətlərin mühafizəsi və ətraf mühitə qarşı hüquq pozuntularının qarşısının alınması məqsədilə təşkil olunub.

Konfransda açılış nitqi ilə çıxış edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov tədbirin dövlətin ekoloji siyasəti, habelə "Konstitusiya və Suverenlik İli"nin prioritetləri baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev ekoloji təhlükəsizlik və davamlı inkişaf istiqamətində dövlət siyasətinin aktual məqamları, həmçinin müasir çağırışlar barədə çıxış edib. Mərkəzin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli "Konstitusiya və Suverenlik İli" çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin əsas istiqamətlərini və ekoloji münasibətlərə konstitusion-hüquqi yanaşmalar barədə məlumat verib.

Gəncə şəhər prokurorunun müavini Nicat Şahverdiyev çıxışında ekoloji hüquq pozuntularının aşkar edilməsi və cinayət təqibi tədbirlərinin təkmilləşdirilməsi üzrə görülən işləri diqqətə çatdırıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov Azərbaycan Prokurorluğunun COP29 və COP30 proseslərində iqlim idarəçiliyi üzrə müzakirələrdə fəal iştirak etdiyini vurğulayaraq ekoloji hüquqpozmalara qarşı mübarizənin effektivliyinin güclü kommunikasiya, media və ali təhsil müəssisələri ilə əməkdaşlıq, habelə müasir monitorinq və məlumatlandırma mexanizmlərinin inkişaf etdirilməsi ilə mümkün olduğunu qeyd edib.

Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Şəbnəm Məmmədova ekoloji hüquq pozuntularına dair mövcud tendensiyalar və nəzarət mexanizmləri haqqında məlumat verib.

Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin prokuroru Tural Mürsəlov çıxışında sağlam ətraf mühitdə yaşamaq hüququnun insan hüquqları sistemində xüsusi yer tutduğunu qeyd edib.

Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova, Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Botanika kafedrasının müdiri professor Vaqif Novruzov, Ekologiya kafedrasının müəllimi Vüsal Musayev konfransda əhəmiyyətli mövzular üzrə çıxış ediblər.

Konfransda təqdim olunan çıxışlar ətrafında müzakirələr aparılıb, sonda xatirə fotosu çəkilib.

Oxşar xəbərlər