- 16 Dekabr 12:19
Məhkəməyə müraciət etmək bir çox insan üçün çətin və mürəkkəb bir proses kimi görünə bilər. Bəziləri iddia ərizələrinin və şikayətlərin yazılmasının hüquqi biliyə və xüsusi bacarığa ehtiyacı olduğunu düşünür. Lakin əslində, hüquqi prosedurları başa düşmək və düzgün formada müraciət etmək mümkündür, bu da məhkəməyə asanlıqla baş vurmağa imkan verir.
E-huquq.az xəbər verir ki, vəkil Vamiq Şükürov məhkəməyə müraciət etmək üçün xüsusi bir bacarığa ehtiyac olmadığını bildirib.
"Çox vaxt insanlar məhkəməyə müraciət etmək üçün iddia ərizələri və şikayətlərin yazılmasının mürəkkəb və qeyri-mümkün olduğunu düşünürlər. Lakin bu, həqiqət deyil", - deyə o qeyd edib.
"Siz sadə ərizələr və şikayətlər yazaraq, məsələn, alimentlərin alınması, nikahın pozulması, uşaq tələbi, qeydiyyatdan keçmə və digər məişət məsələləri ilə bağlı müraciət edə bilərsiniz. Bunun üçün Mülki Prosessual Məcəllədə göstərilən tələblərə riayət etmək lazımdır. Yəni, orada qeyd olunan maddələrə uyğun ərizələr yazılmalıdır", - vəkil əlavə edib.
V.Şükürovun sözlərinə görə, bu halda, məhkəmə ərizə və şikayətləri icraata qəbul edəcək və işə baxacaq.
Şəbnəm Mehdizadə