Kamran Əliyev bir sıra görüşlər keçirdi - FOTO


  • 15:21

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Doha şəhərində bu ölkənin baş prokuroru İssa bin Saad Al Nuaiminin dəvəti əsasında nümayəndə heyəti ilə birgə görüş keçirib.

E-huquq.az xəbər verir ki, Qətərin baş prokuroru qurumlar arasında yüksəksəviyyəli işgüzar münasibətlərin ölkələrimizin siyasi rəhbərlikləri arasında formalaşmış dostluq münasibətlərindən qaynaqlandığını deyib. Ölkəmizə səfərini xatırlayan ev sahibi ona göstərilmiş xüsusi diqqəti minnətdarlıqla xatırladığını bildirib.

Baş prokuror yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək hər iki ölkənin prokurorluqları arasında formalaşmış səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edib. Bununla yanaşı, daha öncə imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı konkret tədbirlər həmçinin digər istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Baş prokuror həmkarını ölkəmizə səfərə dəvət edib.

Tədbir çərçivəsində bir sıra beynəlxalq təşkilatların və ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.

Qətərin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Hamad bin Nasser Al Misnad ilə görüşdə Kamran Əliyev həmkarını BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasının sədri seçilməsi münasibətilə təbrik edib, nümayəndə heyətimizə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edərək qurumlar arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərin olmasını qeyd edib.

Cari ildə ölkəmizə səfərinin xüsusilə yaddaqalan olmasını xatırladan ev sahibi iki ölkənin qurumları arasında təcrübə mübadiləsinin vacibliyini qeyd edib. Bununla yanaşı, birgə fəaliyyətlə bağlı Azərbaycan tərəfinin təşəbbüslərinin dəstəkləndiyi ifadə edilib.

Kamran Əliyevlə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin cari direktoru John Brandolino arasında görüşdə qurumlar arasında faydalı əməkdaşlıq əlaqələrinin qurulması və bır sıra birgə layihələrin uğurla icrası vurğulanıb. Azərbaycan Prokurorluğunun qurumun fəaliyyətində aktiv iştirakına görə təşəkkür edən Brandolino ölkəmizin irəli sürülmüş digər təşəbbüslərinin də BMT tərəfindən dəstəkləndiyini ifadə edib.

Bundan başqa, baş prokuror İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə ikitərəfli görüş keçirib.

Görüşdə dövlət başçıları arasında formalaşmış dost münasibətlərinin ölkələrimizin bütün sahələrdə ikitərəfli əməkdaşlığını yeni mərhələyə qaldırması vurğulanıb, hüquq-mühafizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, cinayət törətmiş şəxslərin və məhkumların verilməsi sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə edilib.

Baş prokurorla Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos arasında ikitərəfli görüşdə Azərbaycanın Akademiyaya göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkür ifadə edilməklə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Tədbir müddətində həmçinin Kamran Əliyev Litva Xüsusi İstintaq Xidmətinin direktoru Linas Pernavas, Uqanda Dövlət Prokurorluq Xidmətinin direktoru Lino Anguzu, Moldovanın cari baş prokuroru Aleksandru Makedon və digər nümayəndə heyətləri arasında ikitrəfli görüşlər keçirərək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Oxşar xəbərlər