- 12:02
"Avqustun 8-də ABŞ-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından həlledici mərhələ oldu".
E-huquq.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimi zamanı deyib.
O bildirib ki, bu görüş Azərbaycanın sülh gündəliyinə sadiqliyini və beynəlxalq müstəvidə prinsipial mövqeyini bir daha nümayiş etdirdi: "Görüşün nəticəsi olaraq imzalanan Birgə Bəyannamə və Azərbaycanla Ermənistan arasında "Sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"inin mətninin paraflanması ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və regional əməkdaşlığın yeni mərhələsinə xidmət edən mühüm siyasi nailiyyətdir".
"Eyni zamanda həmin gün ABŞ Prezidentinin 1992-ci ildən qüvvədə olan və Azərbaycanı ədalətsiz şəkildə birbaşa dövlət yardımından məhrum edən "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin tətbiqini dayandırması ilə bağlı sənədin imzalanması da ölkəmizə qarşı mövcud olmuş siyasi maneələrin aradan qaldırılması, ABŞ–Azərbaycan münasibətlərində etimadın və tərəfdaşlığın gücləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır", - deyə Baş prokuror əlavə edib.
Şəbnəm Mehdizadə