- 12:02
2025-ci il prokurorluq işçiləri üçün də əlamətdar bir il olub.
E-huquq.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimi zamanı deyib.
Onun sözləriə görə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Baş Prokurorluq tərəfindən də geniş və məqsədyönlü fəaliyyət həyata keçirilib: “Ağdamda “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Təməli” mövzusunda regional konfrans, Laçında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans, Bakıda “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq dəyirmi masa, Xankəndidə “Konstitusiya və suverenlik” mövzusunda regional əməliyyat müşavirəsinin keçirilməsi. Zəngilanda “Zəfərin 5 ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans, Mingəçevirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə “Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans təşkil olunub”.
Baş prokuror bildirib ki, bununla yanaşı, prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin inkişafı da daim diqqət mərkəzində saxlanılıb: “Baş Prokurorluğun təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - GlobE Network-un Altıncı Plenar İclasının ölkəmizdə keçirilməsi Azərbaycanın korrupsiyaya qarşı mübarizədə etibarlı və fəal tərəfdaş kimi qəbul edildiyini nümayiş etdirdi. Bu tədbir Azərbaycan prokurorluğunun beynəlxalq hüquqi əməkdaşlıq sahəsində artan rolunu, qabaqcıl təcrübələrin paylaşılmasına və qlobal təşəbbüslərə töhfə vermək potensialını açıq şəkildə ortaya qoydu. Qeyd edilən tədbirdə 90-dan çox ölkədən 300-dən artıq nümayəndəsi iştirak edib. Dekabrın 2-də Baş Prokurorluğun nümayəndə heyətinin Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirilən “Korrupsiyanın ölçülməsinin təkmilləşdirilməsi məqsədilə məlumatların səmərəli istifadə olunması” mövzusunda İkinci Qlobal Konfransda iştirakı korrupsiyaya qarşı mübarizədə müasir yanaşmaların, analitik alətlərin və məlumat əsaslı mexanizmlərin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdi. Bu konfrans çərçivəsində aparılan müzakirələr prokurorluq orqanlarının fəaliyyətində şəffaflığın və effektivliyin artırılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsinə imkan yaratdı. Eyni zamanda dekabr ayında Baş prokurorun rəhbərliyi ilə nümayəndə heyətinin Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirakı Azərbaycanın bu sahədə qlobal səylərə verdiyi töhfənin davamlı xarakter daşıdığını göstərdi. Bu platforma ölkəmizin hüquqi mövqeyinin, milli antikorrupsiya siyasətinin və institusional təcrübəsinin beynəlxalq səviyyədə təqdim olunması baxımından mühüm əhəmiyyətə malikdir”.
Şəbnəm Mehdizadə