- 11:30
"Bəzən işə qəbul olunan prokurorluq əməkdaşı məsuliyyətinə tab gətirə bilmir".
E-huquq.az xəbər verir ki, Baş Prokuror Kamran Əliyev, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimində çıxış edərkən belə deyib.
O bildirib ki, bu və ya digər səbəbdən işə qəbul olunan 339 nəfərdən 23 nəfəri sonradan fəaliyyətini dayandırıb: №Bu şəxslər arasında hakim vəzifəsinə təyin olunanlar və başqa vəzifələrə keçənlər də var. 5 nəfəri isə çətin iş şəraitinə tab gətirə bilməyib, bəziləri isə dünyasını dəyişib".
K.Əliyev vurğulayıb ki, bu peşənin məsuliyyəti mübarizlik və qətiyyət tələb edir: "Gənc hüquqşünaslar dövlətə və dövlətçilik ideyalarına sadiq olmalıdır. Bu, prokurorluq əməkdaşlarının borcu olmalıdır"
Baş Prokuror əlavə edib ki, hüquqşünaslar daim bilik və bacarıqlarını artırmalıdır: "Bəzən imtahanda yüksək nəticə göstərənlər öz üzərində işləmirlər, bu isə narahatlıq yaradır. Prokurorluq orqanlarında rəqabət yüksəkdir və ən güclü hüquqşünaslar bu quruma üz tutur. Ona görə də əvvəlki bilikləri təkmilləşdirmək vacibdir. Dil bilikləri və informasiya texnologiyaları da bu sahədə əhəmiyyətli rol oynayır. Biz onlara dil öyrənmək üçün şərait yaradırıq"
Daha sonra K.Əliyev etik davranış qaydalarına da toxunub. O, qeyd edib ki, hər bir əməkdaşın davranışları diqqətlə izlənir: "Prokurorluq əməkdaşları nizam-intizamlı olmalı və sosial mediada düzgün davranış qaydalarına riayət etməlidir. Təəssüf ki, bir neçə əməkdaş sosial mediada düzgün davranmağı bacarmır".
Şəbnəm Mehdizadə