"Prokurorluq orqanlarında işə qəbul olmaq qürurvericidir"


  • 16:07

"Prokurorluq orqanlarında işə qəbul olmaq hər birimiz üçün qürurverici və çox xoşdur".

E-huquq.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Şəmkir Hərbi Prokurorluğuna müstəntiq təyin olunan Nizami İbrahimov deyib.

"Xüsusilə işğaldan azad olunmuş bölgələrə təyin olunan əməkdaşların yerinə də fəxr hissi keçirirəm. Gənclər siyasəti çərçivəsində bizə göstərilən etimada görə ölkə rəhbərliyinə, Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə və bu prosesdə əməyi olan hər kəsə təşəkkür edirəm. Bizə göstərilən bu etimadı doğrultmaq borcumuzdur", - deyə o bildirib.

Qax rayonuna stajor müstəntiq vəzifəsinə təyin edilən Gülnar Səfərli də deyib ki, prokurorluq orqanlarında qulluğa qəbul olmaq və bu adı, vəzifəni daşımaq çox qürurludur: "Xüsusilə Azərbaycan qadınlarına bizim timsalımızda göstərilən bu etimada görə ölkə rəhbərliyinə və cənab Baş prokuror Kamran Əliyevə xüsusi minnətdarlığımı bildirəm. Bizə göstərilən bu etimadı doğruldacağımıza söz veririk".

Şamaxı rayonunda prokuror köməkçisi vəzifəsinə təyin olunan Xəyalə Qasımova gənc hüquqşünas xanımlara yaradılan şəraitdən söz açıb: "Bu gün prokurorluq orqanlarına qəbul üzrə 27-ci müsabiqənin qaliblərindən biri də mənəm. Qeyd edim ki, bu il 6 xanım əməkdaş prokurorluq orqanlarında işə qəbul olub, onlardan biri də mənəm. Bu şərəfli vəzifədə çalışacağım üçün dərin qürur və minnətdarlıq hissi duyuram. Bu məşəqqətli və məsuliyyətli yolda hər birimiz uğurla və inamla addımlamalıyıq. Baş Prokurorluğun rəhbərliyinə və eyni zamanda ölkə başçısı İlham Əliyevə biz gənc hüquqşünaslara xüsusən də gənc hüquqşünas xanımlara göstərilən dəyər və etimada görə öz minnətdarlığımı bildirirəm. Qarşıda duran məsuliyyətli vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər