- 19 Mart 15:51
Bu gün Azərbaycanın milli təhlükəsizlik qurumlarının yaradılmasının 107-ci ildönümü qeyd olunur. Tarixin əsası 1919-cu ilin martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin təhlükəsizliyini təmin etmək üçün kəşfiyyat və əks-kəşfiyyat xidmətinin təsis olunmasına dayanır.
1997-ci il martın 23-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncama uyğun olaraq, hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında çalışan şəxslərin peşə bayramı kimi qeyd edilir.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidməti (XKX) ölkənin milli təhlükəsizlik sisteminin əsas sütunları kimi çıxış edərək dövlətin sabitliyinin, müstəqilliyinin və inkişafının təmin olunmasında mühüm rol oynayır.
Müasir dövrdə qlobal təhlükəsizlik mühitinin dinamik və mürəkkəb xarakter alması, yeni risk və çağırışların meydana çıxması təhlükəsizlik orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan DTX və XKX çevik idarəetmə, qabaqcıl texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq mexanizmlərindən səmərəli istifadə etməklə fəaliyyətlərini daim yeniləyir.
Bu qurumların əməkdaşları yalnız peşəkar fəaliyyətləri ilə deyil, həm də dövlətə və vətənə olan sarsılmaz sədaqətləri, yüksək məsuliyyət hissi və fədakarlıqları ilə seçilirlər. Onların fəaliyyəti Azərbaycanın iqtisadi və siyasi təhlükəsizliyinin qorunmasına, milli maraqların müdafiəsinə və ölkənin beynəlxalq arenada mövqelərinin gücləndirilməsinə yönəlmişdir.
DTX və XKX-nin əsas missiyalarından biri dövlətin daxili və xarici təhlükələrdən qorunmasıdır. Bu istiqamətdə həyata keçirilən əməliyyatlar nəticəsində terrorizmə qarşı mübarizə sahəsində mühüm uğurlar əldə olunmuş, transmilli cinayətkarlıq şəbəkələrinin fəaliyyəti ifşa edilmiş, dövlətə qarşı yönəlmiş təhdidlər vaxtında zərərsizləşdirilmişdir.
Xüsusilə kibertəhlükəsizlik sahəsində görülən işlər, informasiya məkanında baş verə biləcək risklərin qabaqlanması və dövlət sirrinin qorunması istiqamətində həyata keçirilən tədbirlər müasir təhlükəsizlik strategiyasının ayrılmaz hissəsinə çevrilmişdir.
Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən sistemli tədbirlər dövlət idarəçiliyində şəffaflığın artırılmasına və ictimai etimadın möhkəmləndirilməsinə mühüm töhfə verir.
Azərbaycanın davamlı inkişafı və iqtisadi gücünün qorunması təhlükəsizlik orqanlarının fəaliyyətində xüsusi yer tutur. Enerji layihələrinin təhlükəsizliyi, strateji obyektlərin mühafizəsi və iqtisadi maraqların qorunması istiqamətində həyata keçirilən tədbirlər dövlətin dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.
Eyni zamanda, nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunması, regional və beynəlxalq iqtisadi layihələrin qorunması istiqamətində atılan addımlar Azərbaycanın geostrateji mövqeyinin daha da güclənməsinə xidmət edir.
44 günlük Vətən müharibəsi zamanı DTX və XKX əməkdaşları yalnız kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə deyil, həm də birbaşa döyüş əməliyyatlarında iştirak edərək yüksək qəhrəmanlıq nümunəsi göstərmişlər.
Xüsusi təyinatlı “Qartal” və “Yarasa” dəstələrinin üzvləri düşmənə qarşı aparılan əməliyyatlarda misilsiz cəsarət və peşəkarlıq nümayiş etdirmiş, dövlətin ərazi bütövlüyünün bərpasında mühüm rol oynamışlar.
Bu şanlı qələbə təhlükəsizlik orqanlarının koordinasiyalı fəaliyyəti, operativ qərarvermə qabiliyyəti və yüksək döyüş hazırlığının bariz göstəricisi kimi tarixə həkk olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında təhlükəsizlik orqanları qarşıya qoyulan bütün vəzifələri yüksək səviyyədə yerinə yetirərək dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edirlər. Onların fəaliyyəti ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsinin əsas təminatlarından biridir.
Təhlükəsizlik orqanlarının institusional inkişafı, kadr potensialının gücləndirilməsi və peşə hazırlığının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlar bu sahədə əldə olunan uğurların davamlılığını təmin edir.
DTX və XKX əməkdaşlarının fəaliyyəti Azərbaycan dövlətçiliyinin qorunması, milli maraqların müdafiəsi və vətəndaşların təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Onların peşəkarlığı, vətənpərvərliyi və fədakarlığı daim yüksək qiymətləndirilir.
Başda DTX rəisi Əli Nağıyev və XKX rəisi Orxan Sultanov olmaqla, Peşə bayramı münasibətilə DTX və XKX əməkdaşlarını səmimi qəlbdən təbrik edir, onlara şərəfli xidmətlərində davamlı uğurlar arzulayırıq!