- 13:51
Prokurorluq orqanları arasında əməkdaşlıq Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın mühüm hissəsidir.
E-huquq.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq avqustun 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda keçirilən tədbirdə deyib.
“Azərbaycanlı həmkarlarım mənim dostlarım və yaxşı tərəfdaşlarımdır. Prokurorluq orqanları arasında əməkdaşlıq iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın mühüm hissəsidir. Azərbaycan ilə Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə ötən ay rəsmi olaraq qüvvəyə minib. Sənəddə iki ölkənin prokurorluq orqanlarının qarşılıqlı əlaqələndirici mərkəzi qurumlar olması nəzərdə tutulur”, - deyə Çinin Baş prokuroru bildirib.
Yinq Yonq qeyd edib ki, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlıq qarşılıqlı təcrübə və fikir mübadiləsinin mühüm istiqamətlərindən biridir. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.
“Bu gün imzaladığımız Anlaşma Memorandumu iki prokurorluq orqanı arasında praktiki əməkdaşlığın ümumiləşdirilməsi və təsdiq edilməsi ilə yanaşı, tərəflər arasında qarşılıqlı səfərlərin və fikir mübadiləsinin daha da genişləndirilməsinə dair gözləntilərimizi ifadə edir. Bu sənəd əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birlikdə iki dövlət başçısının strateji rəhbərliyi altında bütün istiqamətlər üzrə əməkdaşlığı daha da gücləndirməyə hazırdır.
Biz “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək keyfiyyətlə həyata keçirilməsinə daha güclü hüquqi təminat vermək, Çin-Azərbaycan dostluq münasibətlərinin daim möhkəmləndirilməsinə və hər iki ölkənin xalqlarına daha böyük fayda gətirilməsinə töhfə vermək istəyirik. Gələcəkdə daha çox qarşılıqlı səfərlərin və əməkdaşlıq imkanlarının olacağına ümid edirik”, - deyə Yinq Yonq əlavə edib.