Məzmuna keç

Rüşvətlə bağlı 316 şəxs barəsində cinayət işi başlanıldı

Rüşvətlə bağlı 316 şəxs barəsində cinayət işi başlanıldı

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 316 şəxs barəsində 187 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.

Bildirilib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 45 milyon 568 min manat ziyandan istintaq müddətində 14 milyon 997 min manatın ödətdirilməsi təmin olunmuş, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Xüsusi vurğulanıb ki, vətəndaşları narahat edən məsələlərin həllinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Prezident İlham Əliyevin tələbləri rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.