Məzmuna keç

Zakir Qaralov korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıq verdi

Zakir Qaralov Azərbaycanda korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıq verdi 

Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

E-huquq.az xəbər verir ki, müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər verib.

Eyni zamanda xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi prinsipləri üzərində qurulmasının, müasir texnologiyaların tətbiqinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyi vurğulanıb. Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.