Ceyhun Həsənov Penitensiar xidmətin fəaliyyətindən danışdı


  • 29 İyul 10:54

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarımili ərzində fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsi keçirilmişdir.

E-huquq.az xəbər verir ki, müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak etmişlər. Ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni açaraq hesabat dövrü ərzində Penitensiar sahədə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran hədəflər barədə ətraflı məlumat vermişdir.

Çıxışı zamanı Nazir müavini Müzəffər ordunun Ali Baş Komandanı möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbəmizlə tarixi ədalət bərpa olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, erməni vandallarının müharibə cinayətləri nəticəsində xarabalığa çevirdiyi işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı quruculuq işləri, sosial-iqtisadi dirçəliş dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Dövlət başçısı hər zaman bütün məsələlərdə olduğu kimi, bu istiqamətdə də strateji hədəflər müəyyən etmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafı üzrə nəhəng layihələr həyata keçirilir. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə mühüm işlər görülmüş, mədəni-tarixi irsimizin təbliği, şəhid ailələrinə dəstək və qazilərimizin xaricdə müalicəsi yüksək səviyyədə təşkil olunmuşdur. Bütün bu müddət ərzində Dövlət başçısının və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri böyük dirçəlişin və böyük qayıdışın təminatıdır. Ötən dövr ərzində cənab Prezidentin uğurla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı təmin olunmuş, bütün sahələrdə köklü islahatlar davam etdirilmiş, sosial problemlərin həllinə yönəlmiş qanunlar, Dövlət Proqramları qəbul edilmişdir.

Vurğulanmışdır ki, Penitensiar sahədə də islahatlar davam etdirilmiş, infrastrukturun yenilənməsi, fəaliyyətin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər həyata keçirilmişdir. 2021-ci ilin birinci yarımilində Penitensiar xidmət qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirmiş, fəaliyyətin səmərəliliyi artırılmışdır. Operativ Qərargahın göstəriş və tövsiyələri rəhbər tutulmaqla bütün qurumlarda profilaktiki tədbirlər davam etdirilmişdir. Görülmüş profilaktiki tədbirlərin nəticəsi olaraq koronavirus infeksiyası penitensiar müəssisələrdə və əməkdaşlar arasında geniş yayılmamışdır. Yaş qrupları üzrə işçi heyətin və məhbusların mərhələli şəkildə koronavirus xəstəliyi əleyhinə vaksinasiyası yüksək səviyyədə təşkil olunaraq qısa müddətdə uğurla başa çatdırılmışdır. Xidmətin infrastrukturunun yenilənməsi, peşəkar kadr korpusunun formalaşdırılması, istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin açılması istiqamətində xeyli işlər görülmüş, müsbət nəticələr əldə olunmuşdur. Penitensiar müəssisələrdə əsaslı təmir və quruculuq işləri davam etdirilmişdir. Aparılmış təhlil göstərir ki, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının etibarlı təminatı, qanuni mənafelərinin qorunması və maddi-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülmüş, zəruri tədbirlər həyata keçirilmişdir.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Xidmətin 2021-ci ilin birinci yarımili ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, ötən dövr ərzində Penitensiar xidmət tərəfindən ölkə başçısının müvafiq fərman və sərəncamları, nazirliyin kollegiya qərarları və cənab Nazirin əmr və göstərişləri rəhbər tutularaq fəaliyyət istiqamətləri üzrə penitensiar sistemin inkişafına, kadr potensialının gücləndirilməsinə, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquqlarının etibarlı qorunmasına yönəlmiş ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Koronavirus infeksiyasının pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminin tələbləri rəhbər tutulmaqla penitensiar müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş, bütün qurumlarda davamlı profilaktik tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində pandemiya dövründə məhbuslar arasında cəmi 561 yoluxma halı qeydə alınmışdır ki, bu da həmin dövrdə müəssisələrdə saxlanılan şəxslərin sayına nisbətdə 1,4% təşkil etmişdir. Bu sahədə Penitensiapr xidmətin təcrübəsi ölkəmizdə səfərdə olmuş İşgəncələrə qarşı Avropa Komitəsinin nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları, habelə digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin humanist siyasətinin davamı olan 18 mart 2021-ci il tarixli, 625 məhkuma şamil olunan Əfv Sərəncamı Ombudsmanın, Millət vəkillərinin, İctimai Komitənin üzvlərinin və media nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə icra edilmişdir.

Ölkə başçısının 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın icrası davam etdirilmiş, penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi istiqamətində müvafiq işlər görülmüşdür. Sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrası üzrə həyata keçirilən tədbirlər nəticəsində bütün penitensiar müəssisələrdə təmir-abadlıq işləri davam etdirilmiş, enerji təchizatı və yanğın təhlükəsizliyi sahəsində işlər görülmüşdür. Cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə tədğbirlər davam etdirilmiş, virtual qaydada keçirilən iclaslarda Xüsusi Komissiya tərəfindən məhkəməyə göndərilməsi tövsiyə edilmiş 900-ə yaxın müraciət təmin edilmişdir.

Məhkumların islah prosesində iştirak etmək, habelə müstəqil monitorinqlər aparmaq məqsədilə beynəlxalq, yerli qeyri-hökumət, o cümlədən, hüquq-müdafiə təşkilatlarının nümayəndələrinə penitensiar müəssisələrə baş çəkmək üçün müvafiq şərait yaradılmışdır. Ötən dövrdə penitensiar müəssisələrə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun əməkdaşları, İctimai Komitənin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurası və Avropa İttifaqının və qeyri-hökumət təşkilatlarınınnümayəndələri tərəfindən ümumilikdə 233 dəfə başçəkmələr həyata keçirilmiş, başçəkmələrin yekunları üzrə daxil olmuş hesabatlarda göstərilən tövsiyələrlə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında qeydə alınmış 43 cinayət hadisələrindən 30-u görüşə gəlmiş, sovqat gətirmiş vətəndaşlar və digər şəxslər tərəfindən törədilmişdir. Keçirilən tədbir nəticəsində 36 fakt üzrə narkotik vasitələrin və 8 ədəd mobil telefonların gizli yolla penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınmışdır.

Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqənin daha səmərəli təşkili məqsədi ilə tədbirlər görülmüşdür. Daxili işlər orqanları ilə keçirilən birgə tədbirlər nəticəsində ölkənin müxtəlif bölgələrində 32 kiloqramdan artıq narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır. Hesabat dövründə 461 cinayətin açılmasına köməklik göstərilmişdir.
Tərbiyə işinə, xüsusilə məhkumlarla keçirilən sosial yönümlü tədbirlrə aidiyyəti dövlət strukturlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının cəlb olunmasına xüsusi diqqət yetirilmişdir. İslah prosesinə diqqətin artırılması, habelə fərdi-tərbiyəvi işin daha səmərəli təşkili nəticəsində məhkum və həbs edilmiş şəxslər tərəfindən cəzanın icrası qaydalarının pozuntularına yol verilməsi halları azalmışdır.
Bu müddətdə penitensiar müəssisələrin etibarlı mühafizəsi, o cümlədən məhkum və həbs edilmiş şəxslərin təhlükəsiz şəraitdə daşınması yüksək səviyyədə təmin olunmuşdur. Fəaliyyətdə şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmiş, əməkdaşlar arasında antikorrupsiya mədəniyyətinin yüksəldilməsi məqsədi ilə təbliğat və maarifləndirmə işi gücləndirilmişdir.

Şəxsi heyət arasında nizam-intizamın gücləndirilmiş, əməkdaşların məsuliyyət hissinin yüksəldilməsi və etik davranış qaydalarına ciddi riayət olunması məqsədilə zəruri tədbirlər görülmüş, xidməti fəaliyyətlərində nöqsanlara yol vermiş, habelə etik davranış qaydalarının pozulması hallarına yol vermiş 87 nəfər əməkdaş intizam məsuliyyətinə cəlb olunmuşdur. Vətəndaşların müraciətlərinə həssas və qayğılı yanaşma nümayiş etdirilməklə onların qaldırdıqları məsələlərin çevik həlli üzrə tədbirlər görülmüş, şəhid ailələrinin üzvlərinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının qəbuluna xüsusi diqqət yetirilmişdir. Dövlət başçısının tələbləri rəhbər tutulmaqla hesabat dövründə işə qəbul üçün müraciət etmiş 9 nəfər Vətən müharibəsi iştirakçısı kiçik rəis heyəti qismində ədliyyə orqanlarına qulluğa qəbul edilmişdir. Pandemiya şəraitində fəaliyyətə baxmayaraq penitensiar müəssisələrdə ictimai faydalı əməyə cəlb olunmuş məhkumların sayı artmış, iş adamlarının və sahibkarların penitensiar müəssisələrdə istehsalat sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. “Həbsxana incəsənəti” adlı internet satış məntəqəsi vasitəsilə dövr ərzində penitensiarmüəssisələrdə istehsal olunan 13 min manata yaxın müxtəlif çeşidli məhsulların satışı həyata keçirilmişdir

Bütün sahələrdə olduğu kimi ölkədə aparılan hüquqi islahatlar çərçivəsində Penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Müşavirədə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilmişdir.

Oxşar xəbərlər