Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının Şuşa rayon filialının sədri Ağalar Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevə müraciət edib.
E-huquq.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli Əli müəllim!
Azərbaycan dövlətçiliyinə və vətənpərvərliyinizə və humanistliyinizə güvənərək Sizə müraciət edirəm. Müraciətim 26 aprel 2021-ci il tarixdə Xidmətin Baş İstintaq İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Şuşa şəhər sakini Həsənov Üzeyir Nadir oğlu barəsindədir. Bildirirəm ki, Üzeyir Həsənov daim Şuşa sakinlərinin arasındadır və imkan daxilində həmişə ehtiyacı olanlara əlindən gələn köməyi əsirgəməyib və belə hallar çoxdur. Bununla yanaşı, Üzeyir Həsənov vətənpərvər bir insan olaraq Vətən müharibəsi başlayandan 9 gün sonra Müdafiə Nazirliyinin Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 manat vəsait köçürmüşdür. Şuşalılara ayrılmış qəbristanlıq sahəsi tükəndiyindən dünyasını dəyişmiş şəxslərin dəfnində yer çatışmazlığını aradan qaldırmaq məqədilə Üzeyir Həsənov həmin əraziyə bitişik böyük bir torpaq sahəsini öz vəsaiti ilə alaraq Şuşa əhalisinin təmənnasız sərəncamına vermişdir. Vətən müharibəsi dövründə Şuşa şəhərindən şəhidlik zirvəsinə yüksəlmiş 4 şəhidimiz həmin ərazidə dəfn olunmuşdur. Ərazinin abadlaşdırılması da Üzeyir Həsənov tərəfindən həyata keçirilmişdir. Onu da xüsusi qeyd etmək istəyirəm ki, Vətən müharibəsi dövründə erməni qəsbkarları Tərtər şəhərini atəşə tutduğu ərəfədə oktyabr ayının 1-də Tərtər şəhərində bombardmandan zərər çəkmiş sakinlərinə külli miqdarda ərzaq yardımı etmişdir. Bundan əlavə, Üzeyir Həsənov tərəfindən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə gecəgörmə cihazları, rabitə avadanlıqları, enerji blokları təmənnasız təqdim olunmuşdur. Yuxarıda göstərilən bu işlərin həyata keçirilməsinə Üzeyir Həsənov 220.000 manat pul vəsaiti xərclənilmişdir.
Hörmətli Əli müəllim!
Yuxarıda qeyd edilənləri şəxsi insani keyfiyyətlərini və müharibə dövründə dövlətçiliyə göstərdiyi təmənnasız hərəkətlərini rəhbər tutaraq Üzeyir Həsənovun bizim təşkilatın və şəxsə zaminliyimə verilməsinə göstəriş verilməsini Sizdən xahiş edirəm. Eyni zamanda müvafiq orqanının çağırışına təyin olunan vaxtda gəlməsinə zəmanət veririk".
