Baş Prokurorluq: "Məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!"


  • 21 Oktyabr 2021 15:22

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildiririb ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib: "Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyildir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!".

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Oxşar xəbərlər