Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi


  • 27 Oktyabr 2021 15:16

Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib.

DİN-in Mətbuat Xidmətindən e-huquq.az-a daxil olan müraciətdə deyilir:

"Sosial media üzərindən edilən kibercinayətkarlıqlarla bağlı vətəndaşlarımızı diqqətli olmağa çağırır və aşağıda qeyd edilənlərə riayət etmələrini, ümumiyyətlə internet resurslarında ayıq-sayıq olmalarını xahiş edirik:

- Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kartlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) heç kəsə təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə;

- Sosial media və elan saytları üzərindən satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;

- İşə qəbul olunmağınızı əsas gətirərək guya “sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin;

- Saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;

- Alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin;

- “Giveaway” adlı yarışların qalibi olduğunuz barədə mesaj alsanız hədiyyənin çatdırılması (karqo) üçün ödəniş etməyin;

- “Xakker”, “baxıcı”, “faizə pul”, “profillərin izlənilməsi” və bu kimi digər səhifələrə müraciət etməyin, hesablarına pul köçürməyin;

- Sosial şəbəkələrdəki tanımadığınız, etibar etmədiyiniz səhifələrdən alış-veriş etməyin".

Oxşar xəbərlər