Baş Prokuror Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi - FOTO


  • 27 Oktyabr 19:05

Oktyabrın 27-də Baş Prokuror Kamran Əliyev Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Baş prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, qonaqları səmimi salamlayan Baş Prokuror Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Avropa Şurasının qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirib.

Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, prokurorluq orqanlarında struktur dəyişikliyi ilə əlaqədar yeni yaradılmış idarələrin, o cümlədən Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirmə idarələrinin fəaliyyət istiqamətləri barədə məlumat verərək, bu sahədə Avropa Şurasının uğurlu təcrübəsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Ölkəmizlə bağlı xoş təəssuratlarından danışan Xristos Cakumopulos Avropa Şurasının İnsan hüquqları və Qanunun Aliliyi üzrə Direktoratlığının rəhbəri qismində Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların Avropa Şurası tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bildirib.

X.Cakumopulos Avropa Şurası ekspertlərinin azərbaycanlı həmkarları ilə bundan sonra da sıx qarşılıqlı əməkdaşlıq şəraitində işləmək niyyətini ifadə edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib.

Görüş zamanı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının ölkəmizdə icra vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, Avropa Şurasının Bakı Ofisinin rəhbəri – səfir Zoltan Hernyeş də iştirak edib.

Oxşar xəbərlər