"Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun".
Ümummilli lider Heydər Əliyev
1 il öncə 30 illik işğalın sonu gəlib çatdı. Artıq "Qarabağ Azərbaycandır!" şüarı dünyanın dörd bir yanında əks-səda doğurdu. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev və şanlı Azərbaycan Ordusu xalqımızın vətən həsrətinə son qoydu. Ləyaqətimiz, qürurumuz, milli kimliyimiz özümüzə qayıtdı. Bu Zəfəri bizə qazandıran Ali Baş Komandan və Ordumuzla yanaşı, həm də hər fərdi yumruq kimi birləşən vətəndaşımız oldu. Vətən müharibəsinin simvoluna çevrilən o "Dəmir Yumruq" düşmənin başını əzdi və ona yerini göstərdi. Heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsi xalqımızın Zəfər salnaməsidir.
Ancaq mən keçmiş təhlükəsizlik orqanının əməkdaşı, hüquqşünas və vəkil kimi Vətən müharibəsində həm də təhlükəsizlik orqanlarının, dəqiq desək, Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinə nəzər salmaq istəyirəm. Çünki müharibə ordu, silahla yanaşı, həm də məxfi informasiyalar, düşmənin həmlələri haqqında əvvəlcədən bilgili olma və kəşfiyyat müharibəsidir.
Dövlət Təhlükəsizliyi Xidmətindən söz düşəndə, öncə bu qurumun rəhbərini xatırlamalıyıq. Çünki DTX-ya imic qazandıran, onu yenidən formalaşdıran, Ordumuzla bərabər az qala bütün cəbhələrdə mübarizə aparan Xidmətin rəisi, general-polkovnik Əli Nağıyevin misilsiz fəaliyyətini qeyd etmək zəruridir.
Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edildi. Hesab edirəm ki, məhz həmin vaxtdan DTX öz imicini bərpa etməyə başladı və ölkəmizin milli təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi əməliyyatlar həyata keçirildi. Dövlət Təhlükəsizliyi Xidməti vəzifələrinin icrası zamanı insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin qanunun aliliyi, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərini rəhbər tutmaqla, xalqımızın təhlükəsizliyinin etibarlı əllərdə olduğunu sübut edir. Hazırki dönəmdə DTX cinayət işlərini hərtərəfli və obyektiv aparır, hüquq-mühafizə orqanları arasında nümunəvi yer tutur. Qısa müddət ərzində DTX bir çox dövlət əleyhinə cinayətlərin açılmasında mühüm rol oynayıb, terrorçuluğa qarşı amansız və qətiyyətli mübarizə aparıb. Eyni zamanda dövlət əmlakına qəsd, korrupsiya cinayətlərinin açılması, bəzi vəzifəli şəxslərin həbsi DTX-nın xalqın rəğbətini qazanmasına səbəb olub.
Əli Nağıyevin qayıdışı ilə başlayan müsbət dinamika nəinki DTX və dövlətimizdə, eyni zamanda bizim üçün müqəddəs savaş olan Vətən müharibəsində də özünü göstərdi. Ordumuzun zəfərləri ilə paralel addımlayan təhlükəsizlik orqanları qələbəmizə mühüm töhfə verdi. Əli Nağıyevin Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri kimi fəaliyyətini də xüsusi vurğulamaq lazımdır. Belə ki, İkinci Qarabağ müharibəsi dövründə və sonra da Dövlət Komissiyası humanitar öhdəliklərin icrasını davam etdirib. İstər əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işlərdə, istərsə də haqq səsimizin və Ermənistanın müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Əli Nağıyevin əməli fəaliyyəti olub. Təsadüfi deyil ki, 2020-ci ilin oktyabrında Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşündə Azərbaycana qarşı Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulduğunu, Ermənistan tərəfindən mülki əhalinin milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən öldürüldüyünü, habelə əhalinin əmlakının bilərəkdən məhv edilməsi cinayətlərinin törədildiyini diqqətə çatdırıb.
Hüquq-mühafizə siyasətinin Dağlıq Qarabağ ərazisində uğurla həyata keçirilməsinin nəticəsidir ki, düşmənin kapitulyasiyasından dərhal sonra yəni, dekabr ayında DTX-nın Şuşa rayon İdarəsinin yeni inzibati binasının təntənəli açılışı oldu. General-polkovnik Əli Nağıyev xidməti müşavirədə DTX Şuşa rayon idarəsinin şəxsi heyəti qarşısında konkret vəzifələr qoydu.
Bu o deməkdir ki, artıq Qarabağda müzəffər Ordumuzla yanaşı, təhlükəsizliyimizin qarantı var və bundan sonra sabitlik və əmin-amanlıq işğaldan azad olunmuş torpaqlarımızda hökm sürəcək.
Şaiq MİRZƏYEV
Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru
