Məzmuna keç

“Amnistiya indiyədək 1300-dək şəxsə şamil olunub”

Zəfər Gününün birinci ildönümü ərəfəsində dövlətimizin başçısının təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın qəbul olunması xalqımızın qələbə sevincinə əlavə sevinc qatıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov bildirib.

F.Məmmədov bildirib ki, Ümummilli Liderimizin ölkəmizdə əsasını qoyduğu humanizm siyasətinin davamı olaraq qəbul edilmiş bu amnistiya aktı tətbiqi dairəsinin genişliyinə görə bütün digər belə aktlardan fərqlənir. Belə ki, o həm istintaq mərhələsində, həm də məhkəmədə olan işlərə şamil olunur. Bununla yanaşı, ədliyyə orqanları, o cümlədən penitensiar və probasiya xidmətləri tərəfindən amnistiyanın 15 minə qədər şəxsə tətbiq olunması gözlənilir:

"Ədliyyə Nazirliyi üzrə amnistiya aktının mütəşəkkil və dürüst icrasının təmini məqsədilə dərhal müvafiq əmr imzalanıb, onun icrasına gündəlik nəzarət təşkil olunub, bu barədə müraciətlərin çevik araşdırılması üçün monitorinq qrupu yaradılıb, digər konkret tədbirlər görülüb. Bunun nəticəsidir ki, nazirlik tərəfindən elə ilk gündən amnistiyanın tətbiqinə başlanıb. Amnistiya indiyədək 1300-dək şəxsə şamil olunub. Amnistiya aktının humanist mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə nazirliyin məsul əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib. Böyük ictimai marağa səbəb olan tədbirdə verilmiş açıqlamalar barədə KİV-lərdə və internet resurslarında 300-dək məlumat yayımlayıb".