"Alternativ əsaslarla xüsusi icraetmə institutunun tətbiqi məqsədəuyğundur"


  • 22 Noyabr 2021 21:15

E-huquq.az Haqqin.az saytına istinadən “Eynulla Fətullayevlə söhbətlər” rubrikasının qonağı Azərbaycanın ədliyyə naziri, Məhkəmə-hüquq şurasının sədri Fikrət Məmmədovla müsahibəni təqdim edir.

- İcazə verin, Sizi və nazirliyinizin əməkdaşlarını ədliyyə işçilərinin peşə bayramı münasibətilə təbrik edim. Bayram ovqatını nəzərə alaraq müsbətdən başlamaq istəyirəm. Biz ədliyyə nazirliyinin gündəlik fəaliyyətindəki innovasiyalar haqqında az eşitməmişik. Ədliyyə kimi mühafizəkar sahədə texnoloji yeniliklərin fəal tətbiqinə nə vadar edib?

- Əvvəla, peşə bayramımız ərəfəsində göstərdiyiniz təşəbbüsə görə Sizin saytınıza təşəkkür edirəm. Bu ilki bayramımızı xüsusi qürurla qeyd edirik, belə ki, o, müzəffər Baş komandan, prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Qələbənin birinci ildönümü ilə eyni vaxta düşür.

İndi isə innovasiyalar haqqında. Qeyd etməliyik ki, ölkəmizdə prioritetlərdən biri olan elektron xidmətlər sahəsi pandemiya vəziyyətində xeyli aktuallaşdı və ədliyyə nazirliyi bu çağırışa maksimum məsuliyyətlə reaksiya verdi. Söyləmək yetərlidir ki, bu gün biz Azərbaycan əhalisinə 35-ə qədər elektron xidmət növü göstəririk, istifadəçilərin sayı isə son 5 ildə 15 milyon nəfəri ötüb.

Əhaliyə göstərilən xidmətlərin effektivliyi nazirlikdə yaradılan reyestrlərin sayəsində mümkün oldu. Həmin reyestrlərdə əhali barədə zəruri bilgilər yer alıb və məlumatlar digər dövlət strukturlarının elektron resursları ilə əlaqələndirilib. Bu isə yekunda birgə fəaliyyətimizin uğurlu nəticələrini təmin edir.

İnteqrasiya və məlumat mübadiləsi xidmətlər göstərilərkən hər hansı sənəd təqdimatına olan zərurəti aradan qaldırıb. Misal üçün, əhalinin birdəfəlik maddi yardım, ünvanlı sosial yardım, övladlığa götürmə ilə bağlı əmək və sosial müdafiə orqanlarına, lisenziyaların, icazələrin alınması üçün isə İqtisadiyyat nazirliyinə müraciət qaydaları xeyli sadələşib.

Bu gün yerli icra hakimiyyətlərinin nümayəndələri bizim elektron bazamıza qoşulmaqla bir sıra notarial xidmətlər göstərə bilərlər, Azərbaycan konsulluqları üçün yaradılmış analoji texnoloji resurslar isə vətəndaşlara hətta xaricdə də onlardan yararlanmaq imkanı verir.

- Üstəlik xüsusi notariat institutu da yaradılıb. Onun yaradılması haqda qərar necə yarandı?

- Beynəlxalq praktikanı nəzərə almaqla xüsusi notariuslar institutunun yaradılması əhaliyə effektiv hüquqi xidmətin göstərilməsi zərurəti ilə bağlı idi. Bu həm də dövlətin maliyyələşdirməsindən kənarda yeni iş yerlərini yaratmağa imkan verdi.

Özünümaliyyələşdirmə prinsipləri əsasında xüsusi notariuslar institutunun formalaşmasına hələ 2008-ci ildə başlanmışdı. O vaxt “Elektron notariat” informasiya sisteminin tətbiqinə start verildi, bu isə müştərinin harada olmasından asılı olmayaraq məsafəli xidmət göstərməyə imkan yaradırdı.

Bu formaya tələb özünü sübut edəndən sonra xüsusi notariata daşınmaz əmlakla bağlı sövdələşmələrdən vergi tutulması funksiyası tapşırıldı, bu isə hər il dövlət büdcəsinə 40 milyon manatdan çox məbləğin daxil olmasını təmin edir.

Xüsusi olaraq dövlət başçısının təşəbbüsü ilə yaradılmış və əhalinin sosial həssas təbəqələrinin müdafiəsində vacib rol oynayan DOST sosial xidmətlərindəki elektron notariatın üzərində dayanaq. Həmin xidmətlərdə təşkil olunan notarial kabinələr əhaliyə binanı tərk etmədən notariusla video əlaqəsi qurmağa və bir neçə dəqiqə ərzində ərizələri, etibarnamələri və ya sənədlərin nüsxələrini təsdiqlətmək imkanı verir.

Qeyd etmək vacibdir ki, bizim əksəriyyəti xüsusi olan notariuslarımız prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə xüsusi qayğı göstərməklə bağlı çağırışına anlaşma ilə cavab veriblər və onlara öz hesablarına xidmət göstərirlər.

- Ancaq razılaşın ki, informasiya texnologiyaları əsrində mobil əlavələrsiz keçinmək qeyri-mümkündür. Əhaliyə xidmət göstərilərkən mobil texnologiyalardan istifadə olunurmu?

- Bəli, fəal şəkildə. Söyləmək olar ki, mobil texnologiyaların tətbiqi ölkədə bütün hüquqi xidmətlərin rəqəmsallaşmasında yeni mərhələ oldu. Hazırda ədliyyə nazirliyində yaradılmış mobil əlavə vasitəsilə distansion, notariusa baş çəkmədən, hətta işgüzar səfərdə və ya ölkə xaricində olmaqla sənədlərin təsdiqlənməsi, müxtəlif sövdələşmələrin bağlanması, vərəsəliyin rəsmiləşdirilməsi və s. xidmətlərin geniş spektrini əldə etmək olar.

Mobil əlavə nisbətən az vaxtda tətbiq olunsa da, artıq onun imkanlarından təqribən 200 min vətəndaş yararlanıb. Bu əlavə həmçinin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir.

Biznes mühitinin inkişafı məqsədilə analoji xidmətlər bilavasitə bank müəssisələrində də təşkil olunub. Vətəndaş cəmiyyəti institutları da diqqətdən kənarda qalmayıb.

Bizim nazirlikdə yaradılmış “Fərdi elektron pəncərə” platforması informasiya dəstəyi, korporativ yazışma, elektron kargüzarlıq kimi məsələlərdə QHT-lərin fəaliyyətinə böyük effektivlik verir.

- İndi isə icazənizlə ən xoş olmayan məsələ barədə danışaq. Məhkəmə qərarlarının icrasındakı problemlərdən. Hüquqşünaslar və vəkillər bir ağızdan məhkəmə qərarlarının icra olunmadığını söyləyir. Niyə? Qərarların yerinə yetirilməsinə və reallaşmasına nə mane olur? Və siz ədliyyə naziri kimi bu sahədəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Siz məhkəmə fəaliyyətinin effektivliyi ilə əlaqəli olan və bu səbəbdən cəmiyyətin diqqətini cəlb edən çox vacib məsələyə toxundunuz. Son illərdə məhkəmə icraatında hər il 900 minə qədər iş olub, bu ilin ilk yarısında isə say artıq 850 mindir, onların təxminən 50 faizini icra etməyə müvəffəq olmuşuq ki, bu da Avropanın orta statistik göstəricilərinə uyğundur. O cümlədən, son yarım ildə borclulardan iddiaçıların xeyrinə 950 milyon manat alınıb.

Şübhəsiz, bütün sahələrdə olduğu kimi, burada da problemlər var və onların həlli üçün müvafiq ölçülər götürülür. O cümlədən qanunvericiliyə daha işlək icra mexanizmlərini nəzərdə tutan dəyişikliklər olunur, daha operativ, effektiv və şəffaf fəaliyyət üçün yeni imkanlar açan elektron icra sistemi tətbiq edilir, analitik iş yaxşılaşdırılır, icraatla bağlı nəzarət gücləndirilir... “Elektron icra olunma” informasiya sistemi bizim icra strukturlarımızın hələlik yalnız 40 faizini əhatə edir, ancaq gələn il bütün ölkəni əhatə etməyi planlaşdırırıq.

Bundan əlavə, icraetmə prosesinin daha mükəmməl qanunverici nizamlanması üçün ilk dəfə olaraq tam əhatəli normativ aktın - “Cəzaların icrası Kodeksi”nin layihəsi hazırlanıb və hazırda müzakirə mərhələsindədir.

Konstitusional tədbirlər kontekstində Azərbaycan Respublikasının prezidentinin “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşməsi ilə bağlı tədbirlər haqqında” Fərmanını da qeyd etmək zəruridir. Həmin fərmana müvafiq olaraq Ədliyyə nazirliyi icraetmənin alternativ formalarını təklif etməlidir.

Biz beynəlxalq təcrübəni analiz etdik və Azərbaycanda alternativ əsaslarla xüsusi icraetmə institutunun tətbiqini məqsədəuyğun saydıq. Bu institut Avropanın bir çox ölkələrində özünü doğruldub. Bununla əlaqədar müvafiq qanun layihələri paketi işlənib hazırlanaraq müzakirəyə təqdim olunub.

Oxşar xəbərlər