Səfər Mehdiyev: Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür


  • 25 Noyabr 2021 14:51

Noyabrın 25-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a bildirilib ki, qonağı səmimiyyətlə salamlayan DGK-nin sədri Səfər Mehdiyev iki qardaş ölkənin yüksələn xətlə inkişaf edən əlaqələrindən məmnunluqla söhbət açıb. Qeyd edilib ki, istər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə Türkiyənin Azərbaycana güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir.

Səfər Mehdiyev onu da vurğulayıb ki, hər iki dövlət rəhbərinin siyasi iradəsi, dostluq-qardaşlıq münasibətləri və verdikləri tapşırıqların icrası əməkdaşlığın inkişafında mühüm rol oynayır.

Komitə sədri Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında iki ölkənin gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Bu yaxınlarda qardaş ölkəyə işgüzar səfərini xatırladan Komitə sədri İzmir şəhərində türkiyəli həmkarı ilə keçirdiyi görüşün qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verdiyini bildirib, eləcə də səfər çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərləri arasında imzalanan sənədin ölkələrimiz arasında ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və regional iqtisadi inteqrasiyaya yardım edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı DGK-nin rəhbərliyi ilə növbəti görüşə görə təşəkkürünü bildirib, ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin, strateji müttəfiqliyinin nümunə olduğunu qeyd edib.

Səfir Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa edilməsində, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin yaxından iştirak etməsindən məmnunluğunu ifadə edib, eləcə də iki ölkənin gömrük orqanları arasında əməkdaşlıqdan razılıqla söhbət açıb, iqtisadi-ticarət münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər