Avqustun 26-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 və 10 saylı cəzaçəkmə müəssisələrində məhkumlar üçün “Narkotik vasitələrin, həmçinin narkomanlığın insanların sağlamlığına, insan orqanizminə məhvedici təsiri və cəmiyyətə ziyanı” mövzusunda seminar-treninqlər keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən e-huquq.az-a verilən məlumata görə, seminarda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin Respublika Onkoloji Mərkəzinin və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər.
Ekspertlər narkotik vasitələrin və narkomanlığın ailədə, cəmiyyətdə və insan sağlamlığında doğurduğu mənfi hallar, həyata keçirilən dövlət siyasəti və maarifləndirmə işləri barədə mühazirələr oxuyub, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında məlumat veriblər.
Çıxışlarda narkomaniyanın ölkəmiz üçün həlli vacib olan məsələlərdən birinə çevrildiyi, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazasının yaradıldığı, institusional islahatların həyata keçirildiyi vurğulanıb. İlk dəfə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında əksini tapmış narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən olunduğu qeyd edilib. Bu strateji kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, sayca beşinci “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramın məqsədi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Sonda məhkumları maraqlandıran suallar cavablandırılıb və onlara bukletlər paylanıb.
