Baş Prokurorluq erkən nikahlarla bağlı vətəndaşlara müraciət edib.
E-huquq.az-ın xəbərinə görə, Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva tərəfindən erkən nikahlarla bağlı vətəndaşlara videomüraciət olunub.
Qeyd olunub ki, erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur: “Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaş həddini 18 yaş tamam olduqdan sonra təyin edib.
Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır. Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə əsasən nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə cinayət məsuliyyətinə səbəb olur və üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Erkən nikah halları ilə üzləşdikdə dərhal hüquq mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur!”
