Litva Baş prokuroru Bakıya gəlib - FOTO


  • 16 May 17:41

“Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsi üzrə tərəfdaş ölkənin Baş prokuroru Bakı şəhərində səfərdədir.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, Avropa İttifaqının “Avropa Qonşuluq Siyasəti” planı çərçivəsində həmin quruma üzv ölkələrin Avropa dövlətlərinin müvafiq təsisatlarının iş təcrübəsinin öyrənilməsinə yönəldilmiş “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi çərçivəsində Litva Respublikasının Baş prokuroru Nida Qrunskienenin rəhbərlik etdiyi və Xüsusi İstintaq Xidmətinin direktoru Jidrunas Bartkusun daxil olduğu nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

2022-ci il mayın 16-da nümayəndə heyəti Fəxri xiyabana gedərək xalqımızın Ümumilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Bundan sonra, qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə güllər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Nümayəndə heyətinin Baş prokuror Kamran Əliyevlə keçirilmiş görüşdə Baş prokuror strateji planlaşdırma və hüquqi bazanın inkişaf etdirilməsi yolu ilə aktivlərin bərpası istiqamətində səmərəli mexanizm yaradılması, görülən işlərin miqyasının genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən, Azərbaycan Respublikası Prokurorluğunun benefisiarı olduğu “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsinin mühüm əhəmiyyəti olduğunu qeyd edib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene Litva Respublikası tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini, aktivlərin bərpası sahəsində ölkəsinin təcrübəsinin paylaşılmasında maraqlı olduqlarını və qeyd edilən təcrübənin bu sahədə Azərbaycan Respublikasının qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində aparılan işin səmərəliliyinin artırılmasında böyük rolunun olacağını qeyd edib.

Nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi və yeni inzibati binası ilə tanış olub, 44 günlük Vətən müharibəsinə həsr olunmuş Tarixi-memorial qalereyasındakı eksponatlar, ən müasir cihaz və avadanlıqlarla təchiz edilmiş kriminalistika otağı, müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilən kitabxana qonaqların marağına səbəb olub.

Daha sonra qonaqlar Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binası və fəaliyyəti ilə yaxından tanış olublar.

Oxşar xəbərlər