Məzmuna keç

Polis rəisi: “Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidirlər”

Tərtərdə maarifləndirmə tədbiri keçirilib

Tərtərdə maarifləndirmə tədbiri keçirilib

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan e-huquq.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Evoğlu kənd tam orta məktəbində “Narkotiklərə yox deyək!” mövzusunda şagirdlərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov qeyd edib ki, ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Bu böyük bəla ilə hər bir instansiya öz sahəsində bütün variantlardan istifadə etməklə mübarizə aparmalıdır. İstər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi tədbirlər görülməlidir. Çünki bu ağır xəstəlik cəmiyyətin məhvinə yönəlib. Hər hansı bir xəstəliklə həkimlər öz sahələrində müalicə işləri görür, lazım gəldikdə radikal cərrahi üsullara əl atılır. Lakin narkomaniyanı təkcə tibb sahəsi işçilərinin gücü ilə aradan qaldırmaq olmaz. Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidirlər.

Məktəbin direktoru Könül Zeynalova gəncləri narkomaniyadan uzaq durmağa səsləyib. O qeyd edib ki, gəncləri, yeniyetmələri narkomaniyaya vadar etməyə çalışan cinayətkarlar var. Bu cür insanlardan gəncləri qorumaq üçün təhsil müəssisələrinin və valideynlərin üzərinə böyük yük düşdüyü vurğulanıb.

Daha sonra çıxış edən təhsil şöbəsinin əməkdaşı Elvin Umudov isə bildirib ki, "Narkotiklərə yox deyək!" kampaniyasının məqsədi şagirdlərə narkotik maddələrin ziyanlı tərəfləri, onun fəsadları barədə məlumat vermək, maarifləndirmə işləri aparmaqdır. Kompaniyanın məktəb ilinin sonunadək rayonun bütün məktəblərində keçiriləcəyi qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırlıb.