Baş Prokurorluqda konfrans keçirilib - FOTO


  • 20 İyun 16:55

“23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin təşkilatçılığı ilə 17 iyun 2022-ci il tarixdə “Müasir dövlət qulluğunda innovasiyalar və təcrübələr” adlı konfrans keçirilib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, konfransın məqsədi dövlət qulluqçuların yüksək mənəvi dəyərləri və xidməti fəaliyyətinin yüksəldilməsi, dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər və təkliflərin dinlənilməsi olub.

Konfransda iştirak edən Anti-korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Talıb Cəfərov, Anti-korrupsiya Təlim Mərkəzinin katibi Nigar Qələndərli dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, innovativ metodların tədbiqi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması kimi mühüm məsələlər üzrə dinləyicilərə ətraflı məlumat veriblər.

Konfrans zamanı Mətbuat Xidmətinin məsləhətçisi Aynurə Əliyeva “Dövlət qulluqçusunun məsuliyyəti”, həmçinin Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin baş məsləhətçisi Şahxanım Ağayeva “Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin yüksəldilməsi”, Elm-Tədris Mərkəzinin baş məsləhətçisi İlkanə Qasımova “Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi”, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin baş məsləhətçisi Aydan Nurəlizadə “Dövlət qulluğunun inkişaf prinsipləri”, Maddi-texniki təminat şöbəsinin aparıcı məsləhətçisi Ay Sənəm Müslümova “Dövlət qulluğuna qəbul edilmək hüququ və qulluğa qəbul” və Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin baş məsləhətçisi Yaqut Şövkətova “Dövlət qulluqçuların sosial təminatın yüksəldilməsi” mövzularında çıxışlar edib.

Konfransın sonunda maraq doğuran suallar təlimçilər tərəfindən cavablandırılıb, eləcə də dinləyicilər arasında faydalı fikir mübadiləsi aparılıb və konfrans iştirakçılarına təşəkkürnamə təqdim edilib.

Oxşar xəbərlər