"Təxribatçılar din amilindən istifadə edərək Azərbaycanda qarşıdurma yaratmaq istəyirlər" - Deputat


  • 5 Avqust 2022 16:56

"Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu məqsədli şəkildə atılmış addımdır. Burada bir sıra dairələrin, hətta dövlətlərin rolunu istisna etmirəm. Onlar müəyyən mesajlar vermək, xəbərldarlıq etmək istəyirlər".

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, təxribatı törədənlərin məqsədi din amilindən istifadə edərək Azərbaycanda qarşıdurma yaratmaqdır.

"Bir müddət bundan əvvəl Azərbaycan həbsxanalarında guya dindarlara təzyiqlərin olması ilə bağlı çağırışlar etdilər. İnsanları küçələrə səsləyib gərginlik yaratmaq istədilər. Lakin buna nail ola bilmədilər. İndi də xaricdə Azərbaycana qarşı bu cür təxribatlara əl atırlar. Hesab edirəm ki, müəyyən qüvvələr Azərbaycanın güclənməsindən, müstəqil siyasət yürütməsindən narahatdır və bizi yolumuzdan döndərmək üçün bu addımları atırlar. Amma onlar başa düşməlidirlər ki, bizi heç kim yolumuzdan döndərə bilməz", - deyə deputat qeyd edib.

C.Məmmədov deyib ki, din adından istifadə edənlər ciddi təhlükə hesab olunmalı və onlara qarşı tədbirlər görülməlidir: "Azərbaycanda dinə, dindarlara qarşı hər hansı təzyiq cəhdindən söhbət gedə bilməz. Lakin ölkədə xarici radikal qruplara pərəstiş edən müəyyən müəyyən kəsim var ki, onlarla bağlı ciddi tədbirlər görülməlidir. Din amilindən istifadə edərək ölkədə qarşıdurma yaratmaq istəyənlərə qarşı qətiyyətli addımlar atılmalıdır. Eyni zamanda hesab edirəm ki, din sahəsində islahatları sürətləndirməli, maarifləndirmə işlərini genişləndirməliyik".

Rəşid Qarayev

Oxşar xəbərlər