"Ombudsman Aparatının fəaliyyəti kifayət qədər güclənib".
E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin müzakirəsi zamanı Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə deyib.
O qeyd edib ki, Ombudsman aparatı daim ölkə parlamenti ilə sıx əməkdaşlıq edir və qanun layihələrinin qəbuluna millət vəkilləri öz töhfələri verirlər.
R. Rumzadənin sözlərinə görə, qanuna dəyişikliklər zamanı Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər, beynəlxalq təcrübə nəzərə alınıb: "Təqdim olunan layihə insan hüquq və azadlıqları sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərinə xidmət etməklə, Müvəkkilin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına, beynəlxalq hüquqi sənədlərin implementasiyasına, beynəlxalq təşkilatların tövsiyyələrinin icra edilməsinə və müsbət beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, bununla da həm ölkəmizin həm də təsisatın beynəlxalq nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır".
