"Rəqəmsal ədliyyə yenilikləri" mövzusunda tədbir keçirildi - FOTO


  • 21 Noyabr 2022 13:17

Bu gün "Rəqəmsal ədliyyə yenilikləri" adlı tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının rəhbərliyi, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Eldar Nuriyev qonaqları salamlayaraq ədliyyə sahəsində tətbiq olunan rəqəmsal yeniliklərdən danışıb. O, əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması üçün Ədliyyə Nazirliyinin silsilə tədbirlər həyata keçirdiyini vurğulayıb.

Sonra ədliyyə sahəsində tətbiq olunan rəqəmsal xidmətlər barədə videoçarx nümayiş olunub. Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin şöbə rəisi Abbas Teymurzadə və Nazirliyin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov innovativ notariat həlləri barədə məlumat veriblər. Bu sahədə vətəndaşları maraqlandıran sualları cavablandırıblar.

Daha sonra Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova çıxış edərək yeni istifadəyə verilən "Mobil əhali" tətbiqi barədə məlumat verib. Bildirib ki, tətbiq həm ölkə daxilində, həm xaricdə yaşayan şəxslərin məkandan asılı olmayaraq və növbədə gözləmədən doğumun, ölümün elektron qaydada qeydə alınması, ailə vəziyyəti və ailə tərkibi haqqında elektron arayışları daha tez və rahat şəkildə əldə olunmasını təmin edir.

Nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə isə çıxışında Ədliyyə Nazirliyi tərəfindən hazırlanan "ƏN TEZ xidmət" konsepsiyası barədə danışıb. Bildirib ki, "ƏN TEZ" xidmət Ədliyyə Nazirliyinə təcili elektron zəng deməkdir. Qeyd edib ki, bu konsepsiya təkcə müxtəlif ədliyyə orqanlarına müraciət etmək imkanı deyil, həmçinin hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır və xidmətlərin olduqca sürətləndirimiş rejimdə göstərilməsini şərtləndirir.

Sonra Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və digər qonaqlar çıxış edərək ədliyyə sahəsində son illərdə həyata keçirilən islahatlardan bəhs ediblər. Bu sahədə tətbiq olunan rəqəmsal yeniliklərin müasir dövrdə vətəndaşlar üçün olduqca əhəmiyyətli olduğu vurğulanıb.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Oxşar xəbərlər