Hərbi Prokurorluqda keçirilmiş görüşdə itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər müzakirə olundu - FOTO


  • 22 Noyabr 2022 17:38

Noyabrın 22-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş başçısı xanım Draqana Koiclə görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi dövründə itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər müzakirə olunub.

Bu barədə e-huquq.az-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev yeni təyinat münasibətilə Draqana Koici təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb və qarşılıqlı fəaliyyətin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib. Bildirib ki, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin sayəsində dövlətimiz qüdrətlənir, işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla regionumuz hərtərəfli inkişaf edir və əhalinin rifahı daha da yaxşılaşdırılır. Qazanılan ardıcıl uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Bundan sonra, Hərbi prokuror Xanlar Vəliyev Azərbaycan ilə BQXK arasında ikitərəfli münasibətlərə toxunaraq, bu əlaqələrin yüksək səviyyədə və uğurla inkişaf etdiyini vurğulayıb. Qarabağ münaqişəsi zamanı əsir və itkin düşmüş, saxlanılan şəxslərin və meyitlərin qaytarılması prosesində komitə tərəfindən zəruri köməyin göstərilməsinə görə təşəkkürünü bildirib.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin ermənilərin ərazilərimizdə basdırdıqları minalardan, onun bu günə qədər davam edən acı fəsadlarından bəhs edərək qonaqların diqqətini bu məsələyə də cəlb edib.

Komitənin Azərbaycandakı Nümayəndəliyinin başçısı Draqana Koic göstərilən səmimi münasibətə görə minnətdarlığını ifadə edərək, qarşılıqlı işgüzar əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu bildirib.

Görüşdə birgə səmərəli fəaliyyət, görülmüş işlər, qarşıda duran vəzifələr, eləcə də bir sıra digər məsələlər müzakirə olunub və faydalı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər