Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisaslarının II kurs tələbələri Ədliyyə Nazirliyində ikigünlük təcrübə keçiblər.
E-huquq.az xəbər verir ki, tələbələr təcrübə müddətində bu qurumların iş fəaliyyəti ilə tanış olub, gündəlik iş prosesində iştirak edib, maraqlandıqları sahələr barədə ətraflı məlumat alıblar.
Universitetin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə II kurs tələbələri nazirliyin Bələdiyyələrlə iş mərkəzində və Əliabad bələdiyyəsində onlara mərkəzin fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib.
Tələbələr Əliabad bələdiyyəsinin gündəlik iş prosesi ilə də tanış olublar.
Hüquqşünaslıq ixtisası üzrə tələbələr isə nazirliyin Penitensiar Xidmətində, Məhkəmə Ekspertizası Mərkəzində, İcra və probasiya şöbələrində təcrübə keçiblər. Onlara burada xidmətin əsas fəaliyyət istiqamətləri, cəzaçəkmə müəssisəsinin rejim növləri barədə ətraflı məlumat verilib.
Məhkəmə Ekspertizası Mərkəzində tələbələrə praktik olaraq ballistik ekspertizaların keçirilməsi ilə bağlı xətşünaslıq üzrə aparılan ekspertiza və saxta sənədlərin, pul nişanlarının aşkar edilməsi, daktiloskopiya sahəsində müxtəlif təcrübəvi işlər aparılması haqqında məlumat verilib. Fiziki-kimyəvi laboratoriyada isə onlar narkotik vasitələrin tədqiqatlarının aparılması üçün nəzərdə tutulan avadanlıqla tanış olublar.
Daha sonra tələbələr nazirliyin İcra və probasiya şöbəsində probasiya sahəsi üzrə müasir elektron izlənmə nəzarət sisteminin iş prinsipini öyrəniblər. Bununla yanaşı, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində iş prosesində də iştirak ediblər.
Hər iki ixtisas üzrə tələbələr nazirliyin kitabxanasında da olublar.
İkigünlük təcrübənin sonunda nazirlikdə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini, ədliyyə müşaviri Emin Səfərov çıxış edərək bildirib ki, belə tədbirlər tələbələrin ədliyyə sahəsi üzrə nəzəri biliklərini praktik şəkildə mənimsəmələrinə müsbət təsirini göstərir.
Ədliyyə müşaviri, ekspert qrupunun rəhbəri Səttar Zamanov “İdeyadan başlanğıca” layihəsinin icrası istiqamətində nazirlikdə görülən işlər, eləcə də startup.nakhchivan.az internet portalı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra tələbələrin sualları cavablandırılıb.
