Baş Prokurorluqda daxili işlər orqanlarının əməkdaşları üçün təlim təşkil edildi


  • 8 Dekabr 2022 15:44

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən daxili işlər orqanlarının əməkdaşları üçün “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin tövsifinin, habelə bu qəbildən olan işlərin istintaqının maddi əsasları və prosessual qaydaları” mövzusunda təlim təşkil edilib.

Bu barədə e-huquq.az-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, təlim üzrə tədris tədbirləri carı ilin dekabr ayının 6-dan 8-dək dinləyiciləri iş yerindən ayırmadan, distant formada “zoom” proqramı vasitəsi ilə və canlı vaxt rejimində həyata keçirilib.

Təlimə 19 inzibati ərazi vahidində ibtidai istintaq sahəsində xidmət edən polis orqanlarının 13 bölmə (şöbə) rəisi, 8 baş müstəntiqi və 38 müstəntiqi dinləyici qismində cəlb olunub, tədbirdə təlimçi qismində isə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Dövlət ittihamının müdafiəsi, Daxili işlər orqanlarının, habelə Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarələrinin peşəkar işçiləri iştirak ediblər.

Təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə, təlim çərçivəsində dinləyicilərə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı milli mübarizə strategiyası, bu sahədə olan problemlərin mahiyyəti və aktuallığı, xarici ölkələrin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə təcrübəsi, bu növ cinayətlərin tövsifi məsələləri və istintaq metodikası tədris edilib.

Oxşar xəbərlər