- 2 İyun 15:14
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin Ekspertlər Qrupu aprel ayının 17-dən 21-dək ölkəmizə rəsmi səfərdə olub.
Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Səfərin məqsədi təşkilatın Antikorrupsiya Fəaliyyət Planı üzrə V dəyərləndirmə mərhələsi çərçivəsində Azərbaycanda bir sıra sahələrdə həyata keçirilən tədbirlərin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi olub.
Qurumun ekspertləri korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasəti, dövlət qulluqçularının fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, dövlət satınalmaları və biznes sektorunda dürüstlük standartlarının tətbiqi, prokurorluq və məhkəmə sistemində şəffaflıq, korrupsiya cinayətlərinin istintaqı, eləcə də cinayət yolu ilə əldə edilmiş gəlirlərin bərpası kimi bir çox sahələrdə görülmüş işlərlə tanış olublar.
Müzakirələrdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Baş Prokurorluğunun struktur qurumları, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, həmçinin Azərbaycan Respublikası Milli Məclisi və Nazirlər Kabineti, Ədliyyə, Daxili İşlər, İqtisadiyyat, Maliyyə Nazirlikləri, Dövlət Təhlükəsizlik Xidməti də daxil olmaqla 20-dən artıq dövlət qurumunun əməkdaşları, müxtəlif instansiya məhkəmələrinin hakimləri, vətəndaş cəmiyyəti institutları, eləcə də paylarının nəzarət səhm zərfi dövlətə məxsus hüquqi şəxslərin nümayəndələri iştirak etmiş, ekspertlərin suallarını cavablandırmışlar.
Aprelin 21-də dəyərləndirmə mərhələsinin ölkə missiyasının yekunlaşması ilə əlaqədar olaraq ekspert qrupunun üzvləri ilə qurumun Antikorrupsiya Fəaliyyət Planı çərçivəsində ölkəmiz üzrə Milli Koordinator – Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüş zamanı çıxış edən Baş prokuror Kamran Əliyev bir daha ölkəmizdə korrupsiya və oxşar neqativ hallara qarşı mübarizə ilə bağlı qəti siyasi iradənin mövcudluğunu vurğulamış və bu çərçivədə beynəlxalq tərəfdaşlığa yüksək önəm verilməsini qeyd edib.
Bundan sonra Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin meneceri xanım Olqa Savran dəyərləndirmə missiyasının yüksək səviyyədə təşkil edilməsini qeyd edərək ölkəmizlə təşkilat arasında uzun illərə dayanan əməkdaşlıq əlaqələrinin mövcudluğunu və bütövlükdə Azərbaycanın qurumun fəaliyyətinə mühüm töhfələr verməsini vurğulayıb.
Daha sonra çıxış edən Ekspertlər Qrupunun rəhbəri xanım Jolita Vasiliaskuayte yaradılmış işgüzar şəraitə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib, səmərəli müzakirələr nəticəsində əldə edilmiş ilkin məlumatlara əsasən, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin bir çox istiqamətləri üzrə müsbət dinamikanın mövcud olması qənaətinə gəldiklərini deyib.
Qeyd edək ki, hazırkı səfər çərçivəsində əldə edilmiş məlumatlar əsasında yekun ölkə hesabatının hazırlanaraq cari ilin oktyabr ayında Fransanın Paris şəhərində keçiriləcək müzakirələrdən sonra qəbul edilməsi nəzərdə tutulur.