Ulu Öndərin ölməz ideyaları prokurorluğun da uğurlarını şərtləndirib


  • 9 İyun 2023 17:15

Azərbaycan xalqının təkidli tələbi ilə 15 iyun 1993-cü il tarixdə növbəti dəfə siyasi hakimiyyətə qayıdan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş köklü islahatlar, o cümlədən iqtisadi islahatlar, ölkəmizdə paralel olaraq bütün sahələrin, eləcə də hüquq sahəsinin tərəqqisinə zəmin yaratdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə sürətlə inkişaf etməyə başlayan ölkəmizdə hər şey müsbətə doğru dəyişdi və tərəqqi dövrü başladı.

Müdrik lider Heydər Əliyevin mütəmadi olaraq verdiyi səmərəli tövsiyələri və dəyərli göstərişləri əsasında Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında müasir tələblərə uyğun və yüksək intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi və bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq və azadlıqlarının etibarlı qorunması, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin qəbul edilməsi və onun icraya yönəldilməsi Azərbaycan Respublikası Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi mühüm məsələnin əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsində prokurorluğun kadr tərkibi hərtərəfli inkişaf etmiş, zəngin biliyə malik, geniş dünyagörüşü olan, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq gənc hüquqşünaslardan komplektləşdirilmiş və prespektivli kadrlarla mütəmadi olaraq yenilənmə təcrübəsi formalaşmışdır.

Sonsuz təşəkkür hissləri ilə qeyd olunmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan prokurorluğa, o cümlədən hərbi prokurorluğa hərtərəfli diqqət və qayğı göstərilməsi ənənəsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də davam etdirilir.

Möhtərəm cənab Prezident İlham Əliyevin 2020-ci ilin may ayının 1-də Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və cənab Kamran Əliyevin elə həmin gün videoformatda qəbulu zamanı dövlət başçısının verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun inkişafının yeni tərəqqi dövrü başlamışdır.

Vurğulamaq lazımdır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi və onun siyasi iradəsi ilə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun da yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər eyni intensivliklə davam etdirilir.

Möhtərəm cənab Prezident İlham Əliyev 2020-ci ildə ədliyyə general-leytenantı cənab Xanlar Vəliyevi yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin etməsi Hərbi Prokurorluğa, onun rəhbərliyinə və kollektivinin fəaliyyətinə verilən yüksək qiymətin təzahürü olmuşdur.

Hərbi Prokurorluq orqanlarının işinin daha səmərəli təşkil olunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr ediməsi haqqında” 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə törədilən və hazırlanan cinayətlərin qarşısının alınmasında mühüm əhəmiyyətə malik əlavə səlahiyyətlərin verilməsi və buna uyğun olaraq mövcud strukturda müvafiq dəyişikliklər edilməklə yeni qurumların yaradılması Hərbi Prokurorluğun fəaliyyətinə verilən növbəti yüksək dəyərin təcəssümü olmuşdur.

Möhtərəm Cənab Prezident İlham Əliyev demişdir: “...Prokurorluq orqanlarının işçiləri bundan sonra da vətənə ləyaqətlə xidmət etsinlər və bütün hüquq mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin...”. Cənab Prezidentin dediyi bütün dəyərli tövsiyələri və ali tapşırıqları fəaliyyətində rəhbər tutan Azərbaycan Prokurorluğunun əməkdaşları bu gün Konstitusiya və qanunvericiliklə müəyən olunmuş səlahiyyətlərini ləyaqətlə həyata keçirərək ölkəmizdə dövlətçiliyin və qanunçuluğun qorunmasına, eləcə də möhkəmlənməsinə xidmət edir, respublikamızda qanunun aliliyi təmin olunur və qanunlara ciddi riayət edilir. Həmçinin Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları daha etibarlı qorunur. Qeyd etmək lazımdır ki, prokurorluğun uğurlarının davamlılığını təmin etmək üçün son dövrlər bu orqanda daha əlverişli işguzar mühitin yaradılması sayəsində işçilərin yüksək əhval-ruhiyyədə olması və bununla da işin səmərəliliyinin artması dövlət orqanları sırasında prokurorluğun nüfuzunun daha da yüksəlməsi ilə nəticələnmişdir. Vurğulanmalıdır ki, cinayət hadisələri üzrə istintaqın aparılmasında, cinayətkarların müəyyən edilib məsuliyyətə cəlb olunmasında və layiq olduqları cəzalara məhkum edilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının da xidmətləri danılmazdır. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Prokurorluğu əməkdaşlarının müstəqil dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinə, Azərbaycan Respublikasında dövlətçiliyin qorunmasındakı, sabitliyin təmin edilməsindəki, mürəkkəb və çoxepizodlu cinayət işlərinin, eləcə də xüsusi təhlükəli dövləti cinayətlərin istintaqının yüksək peşəkarlıqla aparılmasındakı fəaliyyətlərinə cənab Prezident İlham Əliyev tərəfindən dəfələrlə yüksək qiymət verilmiş, prokurorluğun əməkdaşları orden və medallarla təltif edilmişdir.

Göründüyü kimi, Ulu Öndərin hakimiyyətə qayıdışından bu günədək olan dövr ərzində prokurorluğa olan dövlət qayğısı hər zaman hiss edilmiş, bu da prokurorluq işçilərini həvəsləndirməklə bərabər, onların xidməti vəzifələrinin icrası zamanı daha məsuliyyətli olmaları ilə nəticələnmişdir. Eyni zamanda böyük tarixi şəxsiyyətin ölməz ideyaları prokurorluğun, o cümlədən hərbi prokurorluğun uğurlarını şərtləndirmiş və fəaliyyətlərində daim həmin ideyaları rəhbər tutan prokurorluq əməkdaşları ardıcıl nailiyyətlərə imza atmaqdadırlar.

Hümmət Məmmədov

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi

ədliyyə polkovniki

Oxşar xəbərlər