Azərbaycan polisi ona bəslənən inamı doğruldur


  • 2 İyul 2023 11:59

Bu gün Azərbaycan Polisi yaradılmasının 105-ci ildönümünü qeyd edir.

Əsası Xalq Cümhuriyyəti dövründə qoyulan daxili işlər orqanları Cümhuriyyətin süqutundan sonra da uğurla inkişaf edib, özərinə düşən vəzifəni layiqincə yerinə yetirib.

Ölkəmizdə daxili işlər orqanlarının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə Azərbaycan polisinin qanunamüvafiq fəaliyyətinin təmin edilməsi, daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin dürüst və səmərəli şəkildə həyata keçirilməsi, maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə polisin peşəkar fəaliyyətinin qurulması üçün geniş imkanlar yaradılıb.

Ümummilli Lider polisin peşəkar fəaliyyətinə hər zaman yüksək qiymət verib. 2 iyulun Polis Günü kimi qeyd edilməsi də dahi öndərin bu şərəfli peşə sahiblərinə verdiyi dəyərin bariz nümunəsidir. 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edən Ulu Öndər demişdir: “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.

Bu gün Azərbaycan polisi Ümummmili Liderin inamını doğruldub və ölkədə həyata keçirilən uğurlu islahatların təhlükəsizliyinin təminatçılarından birinə çevrilib.

Milli ruhda formalaşan daxili işlər orqanlarının şəxsi heyəti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə qarşı mübarizədə də böyük şücaət göstərib. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

DİN əməkdaşları İkinci Qarabağ müharibəsində də misilsiz qəhrəmanlıq göstəriblər. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Ulu öndər Heydər Əliyevin daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı həyata keçirdiyi islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Dövlət başçısı Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.

Fədakar polislərimiz ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda gecə-gündüz uğurla xidmət aparırlar. Bu gün DİN-in şəxsi heyəti ictimai asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanıb. Əminliklə deyə bilərik ki, Azərbaycan Polisi ölkəmizdə istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlığa malikdir.

Bu çətin və şərəfli peşə sahiblərini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram!

Bayramın mübarək, Azərbaycan Polisi!

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər