- 11 Oktyabr 16:57
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının 3-cü günü uğurla başa çatıb.
E-huquq.az-ın məlumatına görə, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağı 29 sentyabr - 2 oktyabr tarixlərində Bakı şəhərində keçirilir. Bakı Konqres Mərkəzində baş tutan tədbirin 3-cü günündə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib.
Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər baş tutub. Bundan əlavə, müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları və şəbəkə iclasları keçirilib.
“Cinayət mühakiməsi sistemində qurbanlar və şahidlər”, “Cinayət mühakiməsi sistemində qurbanların hüquqlarını təmin etmək üçün maraqlı tərəflər arasında əməkdaşlıq”, “Cinayət mühakiməsi sistemində şəffaflıq və ictimaiyyətin etimadı” adlı plenar sessiyaları, “Məişət və gender əsaslı zorakılığın təqibi” və “İqtisadi Cinayət və Aktivlərin Bərpası” seminarlarında səmərəli fikir mübadilələri baş tutub, müzakirələr aparılıb.
Tədbir çərçivəsində həmçinin, 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümünə həsr olunmuş xüsusi sessiya keçirilib.
Çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı və milli prokurorluq orqanlarının yaranmasının 106-cı ili qeyd olunur. 1 oktyabr 1918-ci il tarixli qərarla Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanları bir əsrdən artıq tarixi ərzində çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşmış, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq edib.
Qeyd edilib ki, Azərbaycan prokurorluğunun qanunçuluğun etibarlı təminatçısı kimi cinayətkarlığa qarşı barışmaz mübarizəsinin və qanunun aliliyinin bərqərar olunmasında sarsılmaz mövqeyinin, fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın formalaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatları, görkəmli dövlət xadiminin quruma olan xüsusi qayğısı və dəstəyi nəticəsində mümkün olub.
Kamran Əliyev vurğulayıb ki, Bir çox dövlət təsisatı kimi prokurorluq orqanlarının da təkmilləşdirilməsi, prokurorluq işçilərinin əməyinin fərqləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqinə başlanılması, əməkdaşların sosial-maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması Heydər Əliyev irsinə layiqli varislik nümunəsini göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağdaş dövrün tələblərinə uyğun apardığı hüquqi dövlət quruculuğu islahatları ilə mümkün olub.
Diqqətə çatdırılıb ki, həyata keçirilmiş tədbirlərin və prokurorluq orqanlarının beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin nəticəsidir ki, bu günlərdə Bakı şəhərində Azərbaycan Prokurorluğunun inkişaf tarixində ən əlamətdar hadisələrdən biri kimi qeyd olunacaq dünya prokurorlarının yeganə təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı keçirilir.
Kamran Əliyev vurğulayıb ki, bu tədbir həm də hüquq sahəsində müsbət nəticələrin əldə edilməsi, üzv ölkələrin prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün ən mühüm platformadır.
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiques çıxış edərək Azərbaycan Prokurorluq orqanlarında aparılan uğurlu islahatlarla yaxından tanış olduğunu, qurumun fəaliyyətinin BPA tərəfindən yüksək qiymətləndirildiyini bildirib və Azərbaycan Prokurorluğunun cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında və digər məsuliyyətli vəzifələrinin həyata keçirilməsindəki fəaliyyətində uğurlar arzulayıb.
Sonda Baş prokuror Kamran Əliyev “1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü” münasibətilə mükafatlandırılmış prokurorluq əməkdaşlarını, eləcə də Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvlərini təltif edib.