- 20:02
Bakıda qəsdən adam öldürməkdə təqsirləndiirlən Əliəkbər Səmədlinin məhkəməsində hökm oxunub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini və təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edərək 11 il cəzanı ağır hesab etdiyini və minimum cəzanın təyin edilməsini istəyib.
Hakim təqsirləndirilən şəxsə son söz verib.
“Peşmanam, istəməzdim cinayətkar olum. Cavanam, mənim də gələcəklə bağlı planlarım var. Məhkəmənin ədalətli qərar verəcəyinə inanıram”, - deyə Ə.Səmədli son sözundə qeyd edib.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxuyub. Hökmə əsasən, Əliəkbər Səmədli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əliəkbər Səmədli Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı 1992-ci il təvəllüdlü Rüfət Rüstəmova bıçaqla xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməkdə ittiham olunub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı