Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxslərin məhkəməsi başladı


  • 15:17

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra vəsatətlərə baxılıb.

Zaur Əsgərovun vəkili iki vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin şüşə arxasında deyil müdafiəçinin yanında əyləşməsini və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Gündüz Mirzəyevin vəkili müdafiə etdiyi şəxsin qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib.

Daha sonra məhkəmə müşavirəyə gedib. Məhkəmə təqsirləndirilən şəxslərin şüşə arxasında deyil, müdafiəçinin yanında əyləşməsi ilə bağlı vəsatəti təmin edib.

Digər vəsatətlər isə təmin edilməyib.

Məhkəmənin növbəti iclası 15 may tarixinə təyin edilib.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər