- 18:48
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyona yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim Aynur Bayramovanın komvoy nəzarəti ilə xəstəxanada əməliyyat edilməsinə etiraz etməyib.
Daha sonra vəkillər çıxış ediblər.
N.Seyidovanın vəkili müdafiə etdiyi şəxsə yüngül cəzanın təyin edilməsini istəyib.
A.Bayramovanın vəkili çıxış edərək onun sağlamlıq vəziyyətinin nəzərə alınmasını istəyib. Vəkil A.Bayramovanın məhkəmə zalından azadlığa buraxılmasını istəyib.
Digər vəkil çıxış edərək A.Bayramovanın dələduzluq niyyətinin olmadığını bildirib. “Müdafiə etdiyim şəxsin əvvəlcədən dələduzluq niyyəti olsaydı, nəyə görə pulları sayarkən özünün videoya çəkilməsini istəyirdi? Nəyə görə özünə sübut toplayırdı?”
Vəkil eyni zamanda A.Bayramovanın qızının ağır xəstə olduğunu da bir daha məhkəmənin nəzərinə çatdırıb. “Müdafiə etdiyim şəxsin övladı da ağır xəstə olduğu halda, o, başqa birinin övladının başına belə bir şeyin gəlməyini heçvaxt istəməz”.
Vəkil A.Bayramovaya bəraət verilməsini istəyib.
A.Məmmədovanın vəkili isə çıxış edərək onun öz maşınını sataraq həmin məbləği zərərçəkmiş Lamiyə xanıma ödədiyini bildirib. Vəkil eləcə də A.Məmmədovanın Vətən müharibəsi dövründə Gəncədə hospitalda könüllü xidmət göstərdiyini də bildirib.
Daha sonra zərərçəkmiş şəxsin vəkili çıxış edib. “Zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib. Hesab edirik ki, məhkəmə prosesi zamanı sübutlar yetəri qədər tədqiq olunub. Verilmiş mülki iddialar təmin edilməlidir. Təqsiləndirilən şəxslər ağır cəza almalıdırlar”.
Sonra çıxış edən zərərçəkmiş Tural Nəsimiyev təqsirləndirilənlərə ən ağır cəza verilməsini istəyib.
Məhkəmə N.Seyidovaya son söz verib.
“Zərərçəkmişlərdən üzr istəyirəm. İstəməzdim ki, iş bu yerə çatsın. Dələduzluq niyyətim olmayıb. Sadəcə düzgün hesablama, düzgün idarə etməmişəm deyə belə faciə baş verdi. Hakim və zərərçəkmişlərdən xahiş edirəm ki mənə şans yaratsınlar”, - o bildirib.
A.Məmmədova isə son sözündə bunları deyib: “Azyaşlı övladım var, Vətən müharibəsi dövründə könüllü olmuşam. Mən heç kimin pulunu mənimsəməmişəm. Tək səhvim Nuridəyə inanmaq olub”.
Son söz ilə çıxış edən A.Bayramova isə məhkəmədən bəraət istəyib.
Sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, N. Seyidova 8 il 6 ay müddətinə, A.Məmmədova 6 il 6 ay, A.Bayramova 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə, digər ağır xəstələrə, onların yaxınlarına qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfərin etibarından sui-istifadə edərək 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı