- 17:14
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun məhkəməsinin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslərin tanışları Şükür Həmidli və Elşən Mustafayev əvvəlcə Türkiyəyə, sonra isə Suriyaya gedərək yerli hakimiyyətə qarşı aparılan döyüşlərdə iştirak ediblər.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilənlər onlara yardım etmək məqsədilə öz şəxsi vəsaitlərindən və sosial şəbəkələrdə topladıqları məbləğdən Şükür Həmidlinin göstərişi ilə xarici ölkədəki tanışlarının və digərlərinin hesablarına ABŞ dolları şəklində pul köçürüblər.
Bununla yanaşı, Xəqani Ömərovun Suriyada yaşayan kürəkəni "Elşən Abu Usama" ləqəbli Elşən Mustafayevə müxtəlif pul köçürmələri edilib. Həmin gəlirin bir hissəsi Suriyada Şükür Həmidliyə, digər qismi isə qeyri şəxslərə çatıb.
Pulların hər iki şəxsin üzvü olduğu digər silahlı qruplaşmanın hesabına köçürüldüyü iddia olunur.
Prosesdə Anar Salamzadə ifadə verərək bildirib ki, Şükür Həmidli onun sinif yoldaşı, dostu olub və Suriyaya köçüb. Onun xahişi ilə təqsirləndirilən ona yardım edib: "Şükür Həmidli Suriyaya köçdükdən qısa müddət sonra mənə yazaraq ibadətə başlamağıma sevindiyini söyləyib. Mənə dedi ki, ailə qurub və Suriya hökumət qüvvələrinə qarşı savaşır. Amma maddi dəstəyə ehtiyacı var. Daha sonra mənə videolar göndərərək vəziyyətin acınacaqlı olduğunu və çadır, yemək kimi gündəlik ehtiyaclar üçün pul lazım olduğunu bildirdi. Onlara yardım etmək üçün pul göndərdim. Mənim göndərdiyim pulla silah alınmayıb. İttihamda adı keçən Elşən Mustafayevi və digərlərini isə ümumiyyətlə tanımıram. İŞİD-lə də əlaqəmiz olmayıb. Bildiyim qədəri ilə Həmid Şükürlü Suriya hökumət qüvvələrinə qarşı döyüşən təşkilatda iştirak edib. Onun da İŞİD-lə əlaqəsi olmayıb. Terror təşkilatı olduğunu düşünsəydim, yardım etməzdim".
Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o yalnız Suriyaya deyil, Şəkiyə, Türkiyəyə və Rusiyaya da yardım məqsədi ilə pul göndərib. İttihamda adı keçən şəxsləri isə tanımır. Onlara pul göndərməyi Şükür Həmidli istəyib. Döyüşlə bağlı videoları da Şükür maraq üçün göndərib.
Xəqani Ömərov isə ifadəsində bildirib ki, Elşən Mustafayev onun yeznəsidir: "Elşən Mustafayev mənim bacımın həyat yoldaşıdır. Bacım öncədən Elxanla evli olub. Onlar 2013-cü ildə Suriyaya köçüblər. Bu yaxınlarda bacım Elşənlə evlənib. Elşən məndən xahiş etdi ki, bacıma yardım üçün kart lazımdır, ona bank kartı verim. Mən də kartımı verdim. Daha sonra pul köçürmələri başlandı. Ona kimlərin pul göndərdiyini bilmirəm. Ümumiyyətlə, Suriyaya heç bir pul köçürməsi etməmişəm. Demişdi ki, bacımı Azərbaycana göndərmək istəyirdilər. Mən sadəcə 30 min pulun yığılması zamanı dəstək olmuşam. Terrora dəstəklə bağlı məlumatım olmayıb".
Məhkəmənin növbəti iclası 27 may tarixinə təyin edilib.
Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı