- 17:37
Bakıda 15 yaşlı oğlan telefon aksesuarları mağazasından oğurluq edib.
E-huquq.az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O bildirib ki, gecə saat 1 radələrində gəzən zaman dostu ona adaptır lazım olduğunu deyərək yerdən daş götürüb mağazanın qapısına bir neçə dəfə vuraraq sındırıb içəri giriblər. Dostu malları çantaya doldurub, ona isə bir ədəd səsucaldıcı, 1 ədəd qulaqcıq və 2 ədəd barmaqcıq, 2 ədəd adaptır verib. Dostu oğurladıqlarını məktəbli çantasına yığıb.
Təqsirləndirilən şəxs oğurladıqları əşyaları polislərə verdiyi deyib. Lakin dostunun oğurladığı əşyaları qaytarıb-qaytarmamasını dəqiq bilmədiyini qeyd edib.
O, paytaxtdakı məktəblərdən birinin 8-ci sinifində oxuduğunu deyib. Son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.
Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs isə bildirib ki, oğurlanan əşyalar tam qaytarılmayıb. Oğurlanan adaptırların isə naqilləri qaytarılıb, hazırda da satışa yararsızdır. Ona 860,30 manat məbləğdə ziyan vurulub və dəymiş ziyan ödənilməyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib və ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub.
Şəbnəm Mehdizadə