- 17:37
Biləsuvarda kafedən oğurluq etməkdə təqsirləndirilən Əli Cəlilovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Biləsuvar Rayon Məhkəməsində hakim Rəfail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ə.Cəlilov Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.
İttihama görə, Ə.Cəlilov Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən kafedən 238 manat dəyərində spirtli içki oğurlayıb.
Məhkəmədə ifadəsində təqsirləndirilən şəxs deyib ki, hadisəni spirtli içkinin təsiri altında törədib.
O, cinayət işinin ibtidai istintaqı zamanı vurduğu bütün ziyanı ödəyərək, zərərçəkmiş ilə barışığa nail olub.
Şəbnəm Mehdizadə