- 20:54
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dindirilməyən zərərçəkmiş şəxs məhkəmədə iştirak etməyib.
Məhkəmə xarici şirkətin Azərbaycandakı nümayəndəsi Rövşən Dadaşovun məhkəmədə iştirakının təmin edilməsi üçün təcridxanaya müraciət göndərəcək .
Təqsirləndirilən şəxsin vəkili çıxış edərək İnvest.az şirkətinin Müşahidə Şurasının Üzvü Ceyhun Abdullayevin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət verib. Vəsatət baxılmadan saxlanılıb .
Məhkəmənin növbəti iclası 29 may tarixinə təyin edildi.
Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.
İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.
Babək Məmmədzadə “Aztelecom” MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.
Humay Eminqızı