- 19:16
Ağdamda borc üstündə tanışını döyməkdə təqsirləndirilən İlkin Kərimovun (şərti ad və soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.Kərimov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri cəzasına məhkum edilib.
İttihama görə, Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində yerləşən Soltanbud təpəsinin yaxınlığında tanışı İ.Kərimovla tanışı Toğrul arasında sonuncunun ona olan borcunu ödəməməsi səbəbindən mübahisə yaranıb. Bu səbəbdən İlkin Toğrulun başının arxa nahiyyəsinə iki dəfə yumruqla vuraraq ona yüngül xəsarət yetirib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində deyib ki, Toğrul 2025-ci ilin fevral ayında ondan 10 günlük 250 manat borc alıb, lakin qaytarmayıb. Toğrulun yanına Ağdam rayonunun Soltanbud meşəsinə gələrək sonuncudan pulunu istəyib. Toğrul pulu qaytaracağını ona deyib, o isə uzun müddətdir aldadaraq pulu ödəmədiyini bildirib. Bundan sonra aralarında mübahisə yaranıb və yumruqla iki dəfə Toğrulun başının arxa tərəfindən vurub. Hazırki vaxta qədər Toğrul ondan aldığı pulu qaytarmayıb və bu səbəbdən Toğrulu döydüyünə görə peşman deyilib. Cərimə ödəməyə imkanının olmadığını qeyd etməklə ona islah işləri cəzasının təyin edilməsini xahiş edib.
Zərərçəkmiş şəxs isə ifadəsində deyib ki, təxminən üç ay bundan əvvəl tanışı İlkindən 10 günə qaytarmaq şərti ilə 250 manat borc alıb, lakin imkanı olmadığından hazırki vaxta qədər qaytarmayıb. İlkin ona zəng vuraraq harada olduğunu soruşub, o isə Ağdam rayonunda olduğunu deyib. İlkin onun yanına gəlib pulunu geri istəyib, o isə pulunun olmadığını bildirib. Bundan sonra İlkin yumruqla iki dəfə onun başından vurub. Hazırki vaxta qədər İlkindən aldığı 250 manat pulu qaytarmayıb. Təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu və heç bir təklifinin olmadığını qeyd etməklə qanuni tədbir görülməsini xahiş edib.
Şəbnəm Mehdizadə