- 21:46
Bakıda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Ona elan olunmuş Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, o, Çinarəyə bir dəfə bıçaqla vuraraq yüngül xəsarət yetirib. Bununla da o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş hesab olunmalıdır.
O, Çinarə ilə faktiki nikah münasibətlərində olub. Əvvələr də Çinarənin qonşuları Samirlə yazışmalarını tutub. Həmin vaxt ona narazılığını bildirərək rayona gedib, qayıtdıqdan sonra ona bir daha belə hərəkətlərə yol verməməsini bildirib. Çinarənin yenə Samirlə danışdığını gördükdə onu yoxlamağa qərar verib. Hadisə günü tövlədə gizlənərək Çinarəni izləyib və onun həyətdə qonşusu Samirlə danışdığını görüb. Onların danışığı təxminən 40 saniyə çəkib. Evin içini görə biləcəyi digər tövlədən baxdıqda Çinarənin bəzəndiyini görüb və əsəbiləşib. Bundan sonra evə daxil olaraq Çinarədən nə baş verdiyini soruşduqda Çinarə Samirdən pul istədiyini bildirib. Bu zaman o, əsəbiləşərək Çinarəni sillələyib. Çinarə onun ayaqlarından tutaraq döyməməsini xahiş edib. Daha sonra o, digər otaqdan bıçaq gətirərək bir dəfə Çinarənin qoltuqaltı nahiyəsindən vurub. Daha sonra evdən çıxaraq Çinarənin atası ilə söhbət etməyə gedib, Çinarənin atası ilə söhbət edən zaman Çinarənin qaçaraq anasıgilə getdiyini görüb. O, Çinarənin anasıgilə onun arxası ilə getdikdə anasıgilin həyətində Çinarəni yenə sillə ilə vurub. Lakin həmin vaxt əlində bıçaq olmayıb. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə edib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs isə ifadəsində göstərib ki, o, bəzi şəxsi ehtiyaclarını qarşılamaq üçün bir nəfərdən borc alıb, həmin şəxs borcunu ondan istədikdə o, qonşusu Samirdən onlara olan borcunu qaytarmasını tələb edib ki, özü digər şəxsə olan borcunu qaytara bilsin. Yoldaşı Ruslan belə xırda ehtiyaclarını bildikdə əsəbləşib onu döydüyündən o, belə şeyləri Ruslandan gizlədirmiş. Hadisə günü Samirlə hasarın üzərindən pul məsələsi ilə bağlı danışdıqdan sonra o, evə gəlib və valideynlər iclasına gedəcəyi üçün özünü səliqəyə salaraq bəzənməyə başlayıb. Bu ərəfədə Ruslan otağa gələrək onu döyməyə başlayıb və onu bir dəfə qoltuqaltı nahiyəsindən bıçaqla vurub. Ruslan evdən çıxdıqdan sonra o, anasıgilə qaçıb. Anasıgil 15 ildir ki, Ruslanla birlikdə olduqları üçün onu danışdırmırlarmış. Anasıgilin həyətində olan zaman Ruslan oraya gəlib, o, Ruslanı görərək qaçmağa başlayıb. Evin arxa tərəfinə qaçıb, Ruslan da onun arxası ilə gələrək onu təpikləyib. Həmin vaxt onun bıçaq xəsarətindən aldığı yaradan qan axırmış. Onu təpiklədikdən sonra Ruslan çıxıb gedib. Hazırda təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətə azadlıqdan məhrum edilib.
Şəbnəm Mehdizadə