Həyat yoldaşını və qayınatasını öldürməkdə təqsirləndirilən şəxsə ömürlük cəza verildi


  • 11:25

Bakıda həyat yoldaşını və qayınatasını öldürməkdə təqsirləndirilən Hikmət Əkbərovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin hüquqi varisi - Bənövşə Əkbərovanın anası ərizə ilə müraciət edərək uşaqların dövlət himayəsinə verilməsini xahiş edib.

Abşeron rayon icra başçısının 2024-cü il sərəncamı ilə isə uşaqların qəyyumu qismində Hikmət Əkbərovun anası tanınıb.

Dövlət ittihamçısı çıxış edib. O, Hikmət Əkbərovun ömrlük azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili onun 4 övladı olmasının nəzərə alınmasını xahiş edib və yüngül cəzanın verilməsini xahiş edib.

Zərərçəkənin anası da təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini xahiş edib.

Hikmət Əkbərov son sözündə övladlarının dövlət himayəsinə verilməməsini xahiş edib. Onun tək xahişi övladlarının gələcəyi ilə bağlı olub.

Daha sonra hökm oxunub. Hökmə əsasən, Hikmət Ələkbərov ömrlük azadlıqdan məhrum edilib. O, cəzasını həbsxanada çəkəcək. Onun övladları isə anasının qəyyumluğunda qalacaq.

Qeyd edək ki, hadisə ötən il Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib.

İttihama görə, kürəkən 36 yaşlı Əkbərov Hikmət Bəylər oğlu gecə saatlarında əvvəlcə yatdığı yerdə qayınatası İlqar Bədəlovu, sonra isə həyat yoldaşı 27 yaşlı Bənövşə Əkbərovanı bıçaqlayaraq öldürüb. Hadisə Hikmət və Bənövşənin 4 övladının gözü qarşısında baş verib.

Hikmət Əkbərov hadisədən sonra övladlarını götürərək anasıgilə aparıb və bacısının həyətində gizlənib. Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən o, gizləndiyi həyətdə saxlanılıb.

Qohumlarınım sözlərinə görə, hadisə qisas zəmnində baş verib. Belə ki, 14 il əvvəl Hikmət və Bənövşənin nişanı qaytarıldıqdan sonra təqsirləndirilən qızı qaçırıb. Daha sonra onun atası və dayısı Siyəzənə barışığa gələrkən yol qəzasına düşüblər və atası Bəylər Əkbərov həyatını itirib. Hadisədən sonra Hikmət Ələkbərov qaynatasına kinli olub, yoldaşı ilə yola gedə bilməyib.

Hikmət Ələkbərova Cinayət Məcəlləsinin 120,2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürəm), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan olunub.

Humay Eminqızı

Oxşar xəbərlər